Qazaxda “Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi yekunlaşıb

Qazaxda “Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi yekunlaşıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi 30 iyun 2026-cı il tarixində uğurla başa çatıb.

01 may – 30 iyun 2026-cı il tarixlərini əhatə edən layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olmuş, o cümlədən Qazax rayonundan olan 59 şəhidin əziz xatirəsinin yaşadılması, onların həyat və qəhrəmanlıq yolunun gənc nəslə tanıdılması, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi, eləcə də gənclərin milli-vətənpərvərlik ruhunda formalaşmasına töhfə vermək olub.

Layihə çərçivəsində Qazax rayonunun Daş Salahlı, Çaylı, Ağköynək, I Şıxlı və Kosalar kəndlərində, eləcə də Qazax Dövlət Sosial-İqtisadi Kollecində maarifləndirici görüşlər keçirilib. Bununla yanaşı, gənclərin intellektual inkişafının dəstəklənməsi, asudə vaxtlarının səmərəli təşkili və vətənpərvərlik ruhunun daha da gücləndirilməsi məqsədilə bilik yarışı və şahmat turniri təşkil olunub. Ümumilikdə layihə çərçivəsində 8 tədbir həyata keçirilib və bu tədbirlərdən 300-ə yaxın gənc və yeniyetmə faydalanıb.

Keçirilən görüşlərdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, müharibə veteranları, ictimaiyyət nümayəndələri, müəllimlər, tələbələr və məktəblilər iştirak ediblər. Tədbirlər zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, onların keçdiyi şərəfli həyat və döyüş yolu haqqında geniş məlumat verilib. Çıxış edənlər şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrinin gənclər üçün örnək olduğunu vurğulayaraq milli birlik, dövlətçilik, vətən sevgisi və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışıblar.

Layihə çərçivəsində təşkil olunan maarifləndirici görüşlər gənclərlə şəhid ailələri və müharibə veteranları arasında canlı ünsiyyətin qurulmasına, qəhrəmanlarımızın həyat hekayələrinin birbaşa iştirakçılar tərəfindən paylaşılmasına imkan yaradıb. Bu görüşlər gənclərin tarixi yaddaşının möhkəmləndirilməsinə, Vətən müharibəsi ilə bağlı məlumatlarının artırılmasına və milli kimlik şüurunun güclənməsinə mühüm töhfə verib.

Layihə çərçivəsində keçirilən bilik yarışı iştirakçılar arasında böyük maraqla qarşılanıb. Gənclər tariximiz, dövlətçilik ənənələrimiz, Vətən müharibəsi və milli qəhrəmanlarımız haqqında biliklərini nümayiş etdirərək sağlam rəqabət şəraitində mübarizə aparıblar. Eyni zamanda təşkil olunan şahmat turniri gənclərin məntiqi düşüncə qabiliyyətlərinin inkişafına, strateji qərarvermə bacarıqlarının formalaşmasına və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edib. Yarışların qalibləri diplom, medal və hədiyyələrlə təltif olunublar.

Layihənin icrası müddətində keçirilən bütün tədbirlərdə gənclər fəallıq nümayiş etdirib, müzakirələrdə iştirak edib, şəhidlərimizin qəhrəmanlıq irsi ilə bağlı fikirlərini bölüşüblər. İştirakçılar belə təşəbbüslərin davamlı olaraq həyata keçirilməsinin vacibliyini qeyd edərək, layihənin onların vətənpərvərlik hisslərinin güclənməsində və milli dəyərlərə bağlılıqlarının artmasında mühüm rol oynadığını bildiriblər.

“Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi bir daha göstərdi ki, şəhidlərimizin xatirəsinin yaşadılması, onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması və gənclərin milli ruhda tərbiyə olunması istiqamətində həyata keçirilən təşəbbüslər cəmiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Layihə həmçinin gənclər arasında vətənpərvərlik ideyalarının təbliği, milli həmrəyliyin gücləndirilməsi və tarixi yaddaşın qorunması baxımından mühüm nəticələrlə yadda qalıb.

Layihənin yekununda vurğulanıb ki, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq, onların şərəfli ömür və döyüş yolu gələcək nəsillər üçün daim örnək olacaqdır.

"Cebheinfo.az"