Azərbaycanda yay tətili qısaldıla bilər: "Möcüzə..."
Yay tətilinin müddəti hər il təhsil sahəsində müzakirə olunan mövzulardan biri olaraq qalır.
Bir tərəfdən, şagirdlərin istirahəti və psixoloji rahatlığı vacib hesab edilsə də, digər tərəfdən uzunmüddətli fasilələrin tədris prosesinə və biliklərin qorunub saxlanılmasına təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır:
“Azərbaycan təhsil sistemi sovetdən miras qalmış bir sistemdir. Azərbaycanda tədris ili o qədər də uzun deyil.
Bəzi təhsil nailiyyətləri daha yüksək olan ölkələrdə çox qısa yay tətilləri görürük.
Biz daha uzun müddətli yay tətili ilə əhatə olunuruq. Yaxud, fərz edək ki, dərs yükü çoxdur, onda, deməli, azaldılmalıdır. Nəyi azaltmaq? Biz bu tipli suallarla qarşılaşırıq”.
Azərbaycanda yay tətilinin qısaldılması təhsil keyfiyyətinin yüksəlməsinə töhfə verə bilərmi?
Mövzu ilə bağlı ”Cebheinfo.az" –a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, yay tətilinin müddəti tədris prosesində mühüm amillərdən biridir:

“Bu məsələni yalnız istirahət aspektindən deyil, həm də şagirdlərimizin akademik inkişafı baxımından qiymətləndirməliyik. Beynəlxalq təcrübə göstərir ki, uzun yay tətilləri zamanı şagirdlərin müəyyən hissəsində öyrənilmiş bilik və bacarıqlarda zəifləmə müşahidə olunur. Bu dövrdə öyrənmə itkiləri baş verir.
Xüsusilə riyaziyyat, oxuyub-anlama və xarici dil bacarıqları sahəsində geriləmələr yarana bilər. Bu səbəbdən təhsil nailiyyətləri yüksək olan bir sıra ölkələrdə yay tətilləri daha qısa saxlanılır və tədris ili daha balanslı şəkildə təşkil olunur. Lakin təhsil keyfiyyətinin yüksəldilməsi məsələsini yalnız yay tətili ilə əlaqələndirməməliyik".
O qeyd edib ki, təhsil sisteminin uğuru təkcə tətil müddətindən deyil, dərslərin məzmunundan, müəllim hazırlığından, qiymətləndirmə mexanizmlərindən, məktəb idarəçiliyindən və şagirdlərin motivasiyasından asılıdır. Onun sözlərinə görə, yay tətilinin qısaldılması özlüyündə ölkəmiz üçün möcüzəvi nəticələr yaratmayacaq:
“Burada bir neçə mühüm məqamı da nəzərə almaq lazımdır. Ölkəmizin iqlim şəraiti, məktəblərin maddi-texniki imkanları və şagirdlərin psixoloji yükü mütləq qiymətləndirilməlidir.
Digər tərəfdən, tədris ilinin daha səmərəli təşkili üçün müvafiq addımlar atılmalıdır. Dərs yükləri optimallaşdırılmalı, praktiki bacarıqların inkişafına yönəlmiş fəaliyyətlər artırılmalıdır.
Bunların hamısı vacib məsələlərdir. Əgər gələcəkdə yay tətilinin müəyyən qədər qısaldılması gündəmə gətiriləcəksə, bu addımın əsas məqsədi sadəcə tətil müddətini azaltmaq və ya tədris günlərinin sayını artırmaq olmamalıdır.
Məqsəd tədris prosesini daha balanslı və daha effektiv təşkil etməkdən ibarət olmalıdır. Məsələn, bəzi ölkələrdə tədris ili ərzində qısa fasilələr tətbiq edilir. Bu yanaşma həm şagirdlərin istirahətini təmin edir, həm də uzunmüddətli təhsil boşluqlarının yaranmasının qarşısını alır”.
Ekspert qeyd edib ki, Azərbaycanda təhsil keyfiyyətinin yüksəldilməsi üçün əsas diqqət tədris metodlarının təkmilləşdirilməsinə, müəllimlərin peşəkar inkişafına, müasir təhsil texnologiyalarından istifadəyə və şagirdyönümlü yanaşmanın gücləndirilməsinə yönəldilməlidir:
“O zaman yay tətilinin müddəti bu böyük sistemin yalnız bir komponenti kimi qiymətləndiriləcək. Yəni məsələ kompleks şəkildə dəyərləndirilməlidir.
Biz bu istiqamətdə bütün zəruri addımları atdıqca görəcəyik ki, təhsil sistemində həqiqətən də mühüm və müsbət dəyişikliklər baş verəcək”.
Gülər Həsənli
“Cebheinfo.az”

