Qarabağda yeni tingçilik təsərrüfatı yaradılır

“Qarabağda müasir texnologiyalar əsasında yeni tingçilik təsərrüfatı yaradılır”.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, bunu Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun bugünkü iclasında çıxış edən Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, işğal dövründə ermənilər tərəfindən məhv edilmiş yaşıllıq sahələrinin bərpasında bu tinglərdən istifadə ediləcək:
“Məhv edilmiş yaşıllıq sahələrinin sürətli şəkildə bərpa etmək üçün yaradılan “ağıllı ting” təsərrüfatında, müxtəlif növ ağac və gül kollarından ibarət tinglər yetişdiriləçək”.
Qeyd olunur ki, bir il ərzində bu təsərrüfatda 2 milyona yaxın ting yetişdiriləcək. Türkiyə və Azərbaycanla birgə Cəbrayıl rayonu ərazisində yeni tingçilik təsərrüfatı mərkəzi də tikilir.
Bu mərkəzin ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da Türkiyə, erməni işğalı zamanı məhv edilmiş meşə örtüyünün bərpasına da mühüm töhfə verəcək.
"Cebheinfo.az"