2025-2026-cı tədris ili necə yadda qaldı?

2025-2026-cı tədris ili necə yadda qaldı?

Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır.

Məhz bu tədris ilində də məktəblər bir sıra uğurları ilə yanaşı, həm də bəzi problemlərlə yadda qaldı.

Belə ki, bir çox məktəblərdə müəllimlərin uğurlu sertifikasiya nəticələri, şagirdlərin fənn olimpiadalarında yüksək nəticələr əldə etdikləri müşahidə edildi.

Bununla yanaşı bəzi məktəblərdə xoşagəlməz hallar da qeydə alındı. Artıq builki tədris ili başa çatır.

Elm və təhsil naziri Emin Əmrullayev bu gün yeni tədris ili ilə bağlı bəzi mesajlar da verib. 

Nazir bildirib ki, "İstəyirik bölgənin ən bacarıqlı müəllimlərini bir neçə məktəbə toplayaraq 10 və 11-ci sinif şagirdlərinin ali təhsil müəssisələrinə hazırlığını təmin edək".

Nazir yeni modelin mahiyyətini belə izah edib:

"Bu, ilkin addımlardır. İnanıram ki, tam orta məktəb modelini formalaşdırmaq üçün bizə bir neçə il lazım olacaq. İstəyirik ki, uşaqlar 9-cu sinfə qədər bəlli bir məktəbdə oxuduqdan sonra tam orta təhsillərini öz ixtisasları üzrə davam etdirə bilsinlər.

Bu, müəyyən mənada ailələrə də dəstək olacaq, çünki həmin müəllimlər keyfiyyətinə görə seçilən fərqli pedaqoqlar olacaqlar. Təbii ki, kimsə yenə də öz övladını əlavə hansısa proqrama cəlb etmək istəyirsə, burada da ciddi problem görmürəm".

Maraqlıdır, bu gün başa çatan tədris ili nə ilə yadda qaldı və qarşıdan gələn yeni tədris ilindən hansı yeniliklər gözləmək olar?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli "Cebheinfo.az"-a bildirib ki, 2025-2026-cı tədris ili digər illərdən heç nə ilə fərqlənmədi:

"Ancaq digər illərdə olduğundan fərqli olaraq məzun sayında artım var. Belə ki, 116 min 550 məzun var. Təcrübə göstərdi ki, ötənilki məzunların builki məzunlardan heç nə ilə fərqlənmir.

Hətta Dövlət İmtahan Mərkəzinin "fəaliyyəti" hesabına builki məzunlar ötənilkilərdən ali məktəblərə qəbulda zəif nəticə göstərəcəklər".

Növbəti tədris ilində yeniliklərlə bağlı nazirin mesajına gəldikdə isə ekspert deyir ki, artıq 10-11-ci siniflərdən formalaşan təmayül siniflər planlı şəkildə, repetitorluq imkanlarından istifadə etməyəcəklər və ali təhsil müəssisələrini qazanacaqlar:

"Ötən illərin təcrübəsi göstərir ki, həmin layihə pilot olsa da, artıq məqsədə nail olunub. Ümid edirəm ki, nazirin də dedidyi kimi növbəti illərdə bu məktəblərin sayı artırılacaq və nəticədə repetitorsuz ali təhsil müəssisəsinə qəbul olmaq kimi bir fikir Azərbaycan cəmiyyətində qəbul oluna biləcək".

Nigar Abdullayeva
"Cebheinfo.az"