İrəvan sülh sazişini “çərçivə”yə salır 

İrəvan sülh sazişini “çərçivə”yə salır 

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesi son mərhələyə qədəm qoyub”.

Qeyd edilən açıqlama ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib. O bildirib ki, sazişin mətni artıq yekunlaşdırılıb və indi yalnız onun imzalanması gözlənilir. 

Qriqoryanın sözlərinə görə, hazırda iki ölkə arasında diplomatik kanallar vasitəsilə sazişin imzalanmasının təşkili istiqamətində məsləhətləşmələr aparılır. Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Ermənistan tərəfi sazişin imzalandığı gün Minsk qrupunun buraxılması ilə bağlı sorğu göndərməyə hazırdır.

Jurnalistlərin sualının cavabında Qriqoryan bildirib ki, Ermənistanın konstitusiya ilə bağlı məsələlərdə mövqeyi məlumdur və dəyişməz olaraq qalır. Lakin o, bu halın müqavilənin imzalanmasına əsas maneə olub-olmadığına dair suala dəqiq cavab verməyib.

Qeyd edək ki, Armen Qriqoryanın bu açıqlaması Ermənistanın gələcək sülh müqaviləsi ilə bağlı hazırda Azərbaycanla danışıqlarda mübahisəli qalan bir sıra məqamlara aydınlıq gətirib. Qriqoryan sazişin mətninin yekunlaşdığını bildirən “imzalanması qalıb” deməklə, Ermənistanın müqavilə üzrə yeni öhdəliklər götürmək niyyətində olmadığını demək istəyir. Əslində isə Azərbaycanla yekun sülh sazişinin mətni deyil, yalnız çərçivə sənədində əksini tapacaq 15 bəndin razılaşdırıldığına dair məlumatlar var. Buna baxmayaraq, rəsmi İrəvan çərçivə sülh sazişinin imzalanması ilə prosesi başa çatdırmaq istəyir.

Göründüyü kimi, Ermənistan yekun sülh müqaviləsindən yayınır. Qriqoryan Minsk qrupunun ləğvini çərçivə sənədi imzalanmasından sonra mümkün hesab edir. Beləliklə, Nikol Paşinyan hökuməti ATƏT-in Minsk qrupunu sülhün təminatçısı kimi təqdim etməyə çalışır. Halbuki,  adıçəkilən format fəaliyyət göstərdiyi dövrdə nə sülhə, nə də işğal faktının aradan qaldırılmasına nail olub.

Artıq ərazilər erməni işğalından azad edilib və sülh danışıqları ikitərəfli formatda aparılır. Belə olan təqdirdə, Minsk qrupuna heç bir ehtiyac yoxdur. Ermənistanın bu məsələdə Azərbaycanın təklifini qəbul etməsi sülh prosesinə töhfə verə bilər. Lakin Ermənistan çərçivə sənədini yekun sülh sazişi kimi qələmə verməklə tərəflər arasında real sülhə maneə yaradır.

Çünki iki ölkə arasında sülhə və sabitliyə Minsk qrupu deyil, yalnız yekun müqavilə üzrə götürülmüş öhdəliklər  təminat yarada bilər. Ermənistan isə Azərbaycana qarşı ərazi iddialarından  əl çəkmək istəmir. Armen Qriqoryan açıq şəkildə Ermənistan Konstitusiyasına hər hansı dəyişiklik edilməyəcəyini deyir. Təbii ki, onun bu mesajı həm də 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hesablanıb. Seçkilər yaxınlaşdıqca, Paşinyan hakimiyyətinin sərt siyasi ritorikasının artacağı gözlənilir. Ancaq rəsmi İrəvan seçkilərə qədər formalaşmış yeni vəziyyətdən istifadə edib sülh müqaviləsini öz maraqlarına uyğun şəkildə imzalamağa çalışır.

Müşfiq Abdulla
“Cebheinfo.az”