Paşinyanın Tiranada "qeyri-adi sərgüzəştləri"

Paşinyanın Tiranada "qeyri-adi sərgüzəştləri"

Albaniyada Azərbaycan İctimai Televiziyasının suallarını cavablandıran Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin mətni ilə bağlı iki məsələyə dair açıqlama verib. 

Paşinyan müxbirin ATƏT-in Minsk qrupunun ləğvi və Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad hissəsinin Ermənistan Konstitusiyasının yeni mətnindən çıxarılması ilə bağlı  suallara cavab verib. 

“Biz Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması barədə şərti ilə razıyıq”.O bildirib ki, bu, ümumilikdə rəsmi İrəvan üçün qəbulediləndir: 

“Biz əmin olmaq istəyirik ki, Azərbaycanın niyyəti, belə demək olarsa, bu, münaqişəni öz ərazisində bağlayıb, onu Ermənistan ərazisinə köçürmək deyil. Bunun da həlli yolu var. Bunun üçün bizim təklif etdiyimiz yol budur ki, sülh razılaşması və ATƏT-ə Minsk qrupunun buraxılması barədə müraciət eyni yerdə, eyni vaxtda imzalansın”.

Ermənistan Baş nazirinin fikrincə, bu, qarşılıqlı etimadın yaradılması və bölgədə stabilliyin qorunması üçün mühüm jest olardı.Qeyd edək ki, Paşinyanın bu açıqlaması Minsk qrupunun ləğvi məsələsində qeyri-sabit mövqe tutduğunu göstərir. Bu il yanvarın 31-də keçirdiyi mətbuat konfransında Nikol Paşinyan Ermənistanın ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməyə hazır olduğunu bildirmişdi. 

“ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın mövcudluğunun mənası nədir? Ancaq biz əmin olmaq istəyirik ki, Azərbaycan üçün də Minsk qrupunun buraxılması eyni məna daşıyır”,- deyə Baş nazir bildirmişdi. 

Əslində, Azərbaycan da oxşar mövqedən çıxış edərək münaqişə başa çatdığına görə vasitəçi formatın mövcudluğuna ehtiyac olmadığını bəyan edir. Hətta Rusiya və ABŞ də Qarabağ problemi aradan qalxdığına görə Minsk qrupunun fəaliyyətini dayandırdığını rəsmən bəyan ediblər. Bu məntiqlə Ermənistan Minsk qrupunun  mandatının ləğvi ilə bağlı Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməli idi. 

Lakin indi Paşinyan öz dediklərindən yayınır, ilkin şərt irəli sürür. Azərbaycan XİN isə Paşinyanın açıqlamasına cavab olaraq yaydığı etiraz bəyanatında Ermənistanın prosesi sülh sazişi ilə bağlamaq istədiyini, keçmiş münaqişənin qalığı olan Minsk qrupunu saxlamaq niyyətində olduğunu bildirib. Ermənistanın məqsədi Azərbaycana qarşı yenidən təcavüzə başlamaq üçün  mövcud vəziyyəti saxlamaqdır. 

Bu isə rəsmi İrəvanın Minsk qrupunu həm çərçivə sülh sazişinin, həm də yekun sülh müqaviləsinin təminatçısı hesab etdiyini deməyə əsas verir. Yəni, Ermənistan sülh sazişinin mətninin formalaşmasında Minsk qrupundan siyasi platforma kimi istifadə etmək istəyir. Beləliklə, Ermənistan postmünaqişə dövründə yaranmış status-kvonu dəyişəcəyinə ümid edir.   

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasına gəlincə, Paşinyan bu suala mücərrəd cavab verib. O, Ermənistanda hələlik yeni konstitusiya layihəsinin olmadığını deyib. Halbuki Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan konstitusiyanın yeni mətninin hazırlanması üzərində iş aparıldığını və bu prosesin 2026-cı ildə yekunlaşacağına dair bir neçə dəfə açıqlama verib. Amma Paşinyanın bu barədə dedikləri ədliyyə nazirinin dedikləri ilə üst-üstə düşmür.  

“Biz qüvvədə olan konstitusiyanı təhlil etmişik. Azərbaycanın hansı məsələləri qaldırdığını bilirik. Amma bu, açıq-aşkardır və bizim Konstitusiya Məhkəməsi də bu barədə qərar verib ki, qüvvədə olan Ermənistan konstitusiyasına görə, ölkəmizin qonşularına qarşı heç bir ərazi iddiası yoxdur. Bu məqam hüquqi cəhətdən də təsdiq olunub”.

Baş nazir  bildirib ki, Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin mətnində də bu məqam aydın şəkildə əksini tapıb:

“Orada deyilir ki, Ermənistan və Azərbaycan Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bu fakta əsaslanır ki, sovet respublikalarının inzibati sərhədləri bu gün dövlət sərhədlərinə çevrilib. Bu, o deməkdir ki, bu gün Sovet Azərbaycanı müstəqil Azərbaycan, Sovet Ermənistanı isə müstəqil Ermənistandır. 

Bu, ilk vacib faktdır. Bundan başqa, sülh sazişindəki başqa bir maddədə də deyilir: Ermənistanın və Azərbaycanın bir-birinə heç bir ərazi iddiası yoxdur və onlar gələcəkdə də belə tələblərin qaldırılmaması ilə bağlı öhdəlik götürürlər”.

N.Paşinyan fatiki olaraq bu gün həm Ermənistan, həm də Azərbaycanda qaldırılan məsələlərin həmin sülh sazişinin mətnində həllini tapdığını vurğulayıb.

O qeyd edib ki, sülh sazişindəki başqa bir maddəyə görə, sənəd ratifikasiya olunduqdan sonra heç bir tərəf onun icrası ilə bağlı öz qanunvericiliyinə müraciət edə bilməyəcək.: 

“Sülh razılaşması imzalandan sonra Ermənistan öz qanunvericiliyinə əsasən, bu layihənin konstitusiyamıza uyğun olub-olmadığını müəyyən etmək üçün onu Konstitusiya Məhkəməsində göndərəcək. Məhkəmə sazişin konstitusiyaya tam uyğun olduğunu müəyyən edərsə, bu, o deməkdir ki, sözügedən sənədin Ermənistan parlamentində ratifikasiyası üçün heç bir əngəl yoxdur. Saziş parlamentdə ratifikasiya olunandan sonra bizim konstitusiyanın başqa bir maddəsi qüvvəyə minəcək. 

Orada deyilir ki, ratifikasiya olunmuş beynəlxalq müqavilələr ali hüquqi qüvvəyə malikdir və yerli qanunlardan üstündür”.

Baş nazirin sözlərinə görə, Ermənistanda da Azərbaycan Konstitusiyasında qonşu dövlətə qarşı ərazi iddialarının olduğu ilə bağlı narahatlıqlar var.

Onun fikrincə, hər iki ölkədə naharatlıqlara son qoymağın ən qısa yolu sülh sazişini imzalamaqdır: 

“Çünki müqavilə imzalanandan və hər iki ölkənin parlamentində ratifikasiya olunduqdan sonra bu məsələ ən ali səviyyədə qanuniləşdiriləcək ki, Ermənistanın Azərbaycana və ümumiyyətlə, heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur”.

Halbuki, konstitusiya ali hüquqi sənəddir və beynəlxalq öhdəliklər orada əksini tapan müddəalardan üstün sayıla bilməz. 

Azərbaycan XİN yaydığı bəyanatda da qeyd edilir ki, Ermənistan Konstitusiyasının 5-ci maddəsində  Baş nazirin istinad etdiyi beynəlxalq müqavilənin üstün olması müddəasının ali qanuna aidiyyətinin olmadığını təsdiq edir. Konstitusiyanın preambula hissəsində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadə edilir. 

Bəyannamənin qəbulunda isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair 1989-cu il dekabrın 1-də qəbul edilmiş qanunsuz qərar əsas götürülür. Ona görə də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının qalması hüquqi işğal deməkdir. 

Ermənistan SSR Ali Soveti 1989-cu ildə keçmiş DQMV-in ilhaqına dair qərar çıxartmaqla Azərbaycanla həmin dövrdə mövcud olmuş inzibati sərhədlərdən de-yure imtina edib. 

Bu baxımdan, Paşinyanın inzibati sərhədləri müstəqil Ermənistanın və müstəqil Azərbaycanın sərhədləri adlandırması üçün hər hansı hüquqi əsas yoxdur. Almatı Bəyannaməsi imzalanan zaman və ondan sonra Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi həyata keçirməklə həmin sərhədləri ləğv edib. 

Hətta Nikol Paşinyan 2019-cu ildə “Qarabağ Ermənistandır.(nöqtə)” deməklə Azərbaycanla sərhədləri tanımaqdan imtina edib. Paşinyan Ermənistan Konstitusiyasına dəyişiklikdən yayınmaqla dolayısı ilə bu ifadəni hüquqi cəhətdən rəsmiləşdirmək istəyir.    

1991-ci ildə Almatı Bəyannaməsinin 3-cü bəndini pozan tərəf də Ermənistan olub. Digər tərəfdən, SSRİ dağılanda iki respublika arasında inzibati sərhəd xətti mövcud olub. Eyni zamanda, SSRİ dövrü 70 ildən artıq davam edib. Ona görə də sərhədlər yenidən müəyyənləşən zaman istənilən dövrün xəritəsi əsas götürülə bilər. 

İndiyə qədər Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün tanınması ilə bağlı yeganə hüquqi sənəd 2022-cil oktyabrın 7-də imzalanmış Praqa Bəyannaməsidir. Lakin Ermənistan Azərbaycanın 4 kəndini işğal altında saxlamaqla və konstitusiyasında Qarabağa ərazi iddiasını daxil etməklə Praqa Bəyannaməsini pozub.

Qeyd edək ki, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının siyasi varisidir. Nikol Paşinyan hökuməti Ermənistan Konstitusiyasından preambula hissəsini çıxartmaq üçün Azərbaycan tərəfinə Xalq Cümhuriyyətinin siyasi varisiliyindən imtina etməyi təklif edir. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kv.km.-ə yaxın olub. 

Bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın 20 min kv.km-dən artıq ərazisi qanunsuz şəkildə Ermənistana pay verilib. Nəticədə, Azərbaycanın ərazisi kiçilərək 86,6 min kv.km. qalıb. Ermənistanı narahat edən də Azərbaycan Demokratik Respublikasının siyasi varislik məsələsinin konstitusiyada yer alması ilə bağlıdır. 

1918-1920-ci illərdə İrəvan quberniyasında qanunsuz yaradılmış Ermənistan (Ararat) Respublikasının ərazisi 9 min kvadrat kilometr təşkil edib. Ermənistan konstitusiyasına görə, hazırkı Ermənistan dövləti Ararat Respublikasının siyasi varisidir. 

Azərbaycan Ermənistanın Ararat Respublkasının siyasi varisi olmasına etiraz etmir. Ermənistan Konstitusiyasında isə Azərbaycana qarşı açıq ərazi iddiası var. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”