Müəllimlərin geyimi də qanunla tənzimlənəcək
Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır.
Məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə əməl olunmasının hüquqi əsaslarının möhkəmləndirilməsini nəzərdə tutur.
Sənəddə qeyd olunur ki, təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsasın yaradılması dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da gücləndirilməsinə xidmət edir. Müəllim yalnız bilik və bacarıqları şagirdlərə ötürən şəxs deyil, eyni zamanda davranışı, ünsiyyət mədəniyyəti və peşəkar görünüşü ilə onlar üçün nümunə rolunu oynayır.
Bu baxımdan müəllimin işgüzar üslubda geyinməsi onun peşəkar statusunu, məsuliyyətini və təhsil müəssisəsinin nümayəndəsi kimi daşıdığı missiyanı daha dolğun ifadə edir.
Bildirilir ki, səliqəli, sadə və işgüzar geyim müəllimin pedaqoji fəaliyyətinin səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Belə görünüş dərs prosesində diqqətin əsas məqsəddən yayınmasının qarşısını alır, müəllimin sinfi idarəetmə bacarıqlarını və ünsiyyət effektivliyini dəstəkləyir.
Eyni zamanda, şagirdlərdə müxtəlif mühitlərə uyğun geyim seçimi, peşəkar davranış mədəniyyəti və etik ünsiyyət normaları ilə bağlı düzgün yanaşmanın formalaşmasına müsbət təsir göstərir.
Vurğulanır ki, müəllimin geyimi onun gündəlik fəaliyyətinin xarakterinə uyğun, rahat və praktik olmaqla yanaşı, məktəbin peşəkar mühitini əks etdirən xüsusiyyətlərə malik olmalıdır.
Layihədə qeyd edilir ki, müəllimlər üçün vahid işgüzar yanaşmanın tətbiqi məktəblərdə korporativ idarəetmə mədəniyyətinin inkişafına da mühüm töhfə verəcək. Peşəkar görünüş müəllim kollektivində komanda ruhunun, qarşılıqlı həmrəyliyin və ortaq təşkilati dəyərlərin güclənməsinə xidmət edir.
Şagirdlər üçün məktəbli forması məktəb kimliyinin və aidlik hissinin ifadəsi olduğu kimi, müəllimlər üçün də işgüzar geyim təhsil müəssisəsinin korporativ mədəniyyətinin, peşəkar davranış standartlarının və institusional dəyərlərinin mühüm tərkib hissəsi hesab olunur.
Qeyd olunur ki, bu yanaşma məktəbin ictimai nüfuzunun möhkəmlənməsinə, valideynlərin təhsil müəssisəsinə etimadının artmasına, eləcə də sağlam, nizamlı və peşəkar təhsil mühitinin formalaşmasına xidmət edir.
Beləliklə, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər yalnız geyim məsələsinin tənzimlənməsini hədəfləmir. Əsas məqsəd dövlət ümumi təhsil müəssisələrində vahid idarəetmə yanaşmasının möhkəmləndirilməsi, təşkilati mədəniyyətin inkişaf etdirilməsi, məktəbdaxili nizam-intizamın gücləndirilməsi, peşəkar iş mühitinin formalaşdırılması və təhsil prosesinin bütün iştirakçıları üçün daha səmərəli şəraitin yaradılmasıdır.
Eyni zamanda, bu yanaşmanın uşaqların maraqlarının qorunmasına, məktəb–ailə əməkdaşlığının genişləndirilməsinə, qarşılıqlı məsuliyyət və hörmət mədəniyyətinin təşviqinə, həmçinin müasir, təhlükəsiz və keyfiyyətli təhsil mühitinin davamlı inkişafına xidmət edəcəyi bildirilir.
"Cebheinfo.az"

