Terror hazırlığı: 23 nəfərlik şəbəkə aşkarlandı
Federal Təhqiqatlar Bürosu Ağ Evdə ABŞ Prezidenti Donald Trampın doğum günü münasibətilə bazar günü təşkil edilən qəfəs döyüşü tədbirinə yönəlmiş terror hücumunun qarşısını alıb.
Hücum hazırlığında şübhəli bilinən şəxslərin saxlanıldığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, terror planının Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) nümayəndələrini və “kapitalist elitaları” hədəf aldığı qeyd olunub.
FBI direktoru Kaş Patel bildirib ki, ABŞ Prezidenti Donald Tramp və digər yüksəkvəzifəli şəxslərin qatıldığı Ağ Evdəki UFC tədbirinə mümkün hücum ABŞ hüquq-mühafizə orqanları tərəfindən önlənib.
Patel "X" hesabında paylaşdığı açıqlamada deyib: “FBI tərəfdaşlarımız və Ədliyyə Nazirliyinin çoxştatlı əməliyyatda göstərdiyi sürətli reaksiya sayəsində çox sayda şəxs saxlanılıb və planlaşdırılan hücumların qarşısı tamamilə alınıb".
FBI şübhəlilərin ikinci hücum dalğası ilə Ağ Evin qapılarına basqın etməyi planlaşdırdıqlarını irəli sürüb. Donald Trampın 80 illik yubileyinə təsadüf edən tədbirə yönəlmiş təhlükənin 10 iyunda müəyyən edildiyi bildirilib.
"Fox News Digital"-a danışan rəsmilər hücumçuların çoxmərhələli terror planı hazırladıqlarını açıqlayıb. Plana əsasən, ilk mərhələdə tədbir ərazisinə yaxın binalara partlayıcı yüklü pilotsuz uçuş aparatları ilə hücum ediləcək və kütləvi panika yaradılacaqdı.
Yaranacaq qarışıqlıq zamanı qaçmağa çalışan insanların hadisə yerində mövqe tutmuş snayper qrupu tərəfindən hədəfə alınmasının planlaşdırıldığı qeyd olunub. Şübhəlilərin ikinci hücum mərhələsində Ağ Evin qapılarına hücum etməyi nəzərdə tutduqları bildirilib.
FBI terror planı barədə məlumatı 10 iyunda əldə edib və ilk saxlanılma Cincinnati şəhərində həyata keçirilib. Şübhəlilərdən bəzilərinin hücum hazırlıqları üçün 12 və ya 13 iyunda Virciniyaya getdiyi iddia olunur.
Şübhəlilərdən birinin telefonunda aparılan araşdırma zamanı hüquq-mühafizə orqanları Signal adlı şifrəli mesajlaşma tətbiqində ən azı 23 nəfərin ölkənin paytaxtının mərkəzində dağıdıcı terror hücumu planlaşdırdığını müəyyən edib.
New York Post-un məlumatına görə, telefonu araşdırılan şübhəli hücumun məqsədinin “kapitalist elitaları”, “milyarderləri” və Amerika İsrail İctimai Əlaqələr Komitəsindən (AIPAC) maliyyə dəstəyi alan siyasətçiləri hədəfə almaq olduğunu bildirib.
Patel açıqlamasında əlavə edib:
“Nəticə istintaq işinin ən yaxşı nümunələrindən biri olsa da, bu hüquq-mühafizə komandası üçün qeyri-adi vəziyyət deyildi. Biz, xüsusilə UFC 250 kimi böyük tədbirlər zamanı ABŞ vətəndaşlarının həyatını təhdid edən şəxsləri müəyyən etmək, müdaxilə etmək və ədalət qarşısına çıxarmaq üçün yaradılmış komandayıq”.
Nigar Hacılı
"Cebheinfo.az"

