Baş Prokurorluq MSK-ya müraciət etdi - Köçəryana cinayət təqibi başlanılır

Baş Prokurorluq MSK-ya müraciət etdi - Köçəryana cinayət təqibi başlanılır

Ermənistan Baş Prokurorluğu ölkənin ikinci prezidenti, “Ermənistan” (“Hayastan”) blokunun lideri Robert Köçəryan və deputatlığa namizədlər Asatur Köçəryanla Ruslan Barsegyan barəsində cinayət təqibinə icazə verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Bu barədə Ermənistan MSK məlumat yayıb.

Məlumata görə, prokurorluq qeyd olunan şəxslərin deputatlığa namizəd statusu daşımalarını nəzərə alaraq, onların toxunulmazlığının qaldırılmasını və cinayət məsuliyyətinə cəlb edilmələrinə rəsmi icazə verilməsini istəyib.

Qeyd edək ki, cinayət işində adı hallanan Ruslan Barsegyan “Ermənistan” blokunun seçki siyahısında 62-ci, Asatur Köçəryan isə 154-cü sırada yer alır. Siyahıya rəhbərlik edən eks-prezident Robert Köçəryan və digər namizədlərin hansı konkret cinayət əməlində ittiham olunduğu barədə hələlik rəsmi təfərrüat açıqlanmayıb.

"Cebheinfo.az"