Sərnişinlər şikayətçidir: Kondensionerlər niyə işləmir?

Sərnişinlər şikayətçidir: Kondensionerlər niyə işləmir?

Havaların isinməsi ilə birlikdə ictimai nəqliyyatda kondisionerlərin işləməməsi ilə bağlı şikayətlər də çoxalmaqdadır.

Bir qrup Biləcəri sakini “Cebheinfo.az”-a müraciət edərək Biləcəri – Bakı Beynəlxalq Avtovağzal Kompleksi xətti üzrə fəaliyyət göstərən “Çinar Trans” MMC-yə məxsus 91 saylı marşrut avtobuslarında kondisionerlərin işləmədiyini bildiriblər.

Sakinlərin sözlərinə görə, xəttə yeni avtobuslar verilsə də, isti hava şəraitində soyutma sistemlərindən istifadə olunmur:

“Hazırda havalar kifayət qədər istidir, lakin 91 saylı marşrut avtobuslarında kondisionerlər işləmir. Sərnişinlər bunun səbəbini soruşduqda, sürücülər şirkət rəhbərliyi tərəfindən belə göstəriş verildiyini bildirirlər.

Deyilənə görə, yanacağa qənaət etmək məqsədilə kondisionerlərin istifadəsi məhdudlaşdırılıb. Qiymətlər artırıldığı halda sərnişinlərə normal xidmət göstərilməməsi narazılıq yaradır.

Üstəlik, yeni avtobuslarda pəncərələr də açılmır. Bu isə isti havalarda insanların rahat hərəkət etməsinə mane olur”, - deyə müraciətdə qeyd olunub.

Sakinlər məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək ictimai nəqliyyatda sərnişinlərin rahatlığının təmin olunmasını istəyiblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi xəbərdarlıq məktubları göndərilib:

“Bildirilib ki, daşıyıcılara zəruri hazırlıq işlərinin görülməsi, havanın temperaturundan asılı olaraq avtobuslarda soyutma və havalandırma sistemlərinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması və hava şəraitinə uyğun şəkildə tənzimlənməsi ilə bağlı tapşırıqlar verilib.

Qaydalara əsasən, yay mövsümündə sərnişinlərin rahatlığının təmin olunması məqsədilə avtobuslarda kondisioner və havalandırma sistemləri işlək vəziyyətdə olmalıdır. Bununla belə, sərnişinlərin şikayətləri bəzi marşrutlarda bu tələblərin tam yerinə yetirilmədiyini göstərir”.

91 saylı xəttə sahib olan “Çinar Trans” MMC-nin direktoru İsmayıl Hüseynov isə bildirib ki, hazırda 4 ədəd avtobusda nasazlıq səbəbindən kondisionerlər işləmir: 

“Mövcud problem 2 gün ərzində həll olunacaq, nasaz kondisionerlər təmir edilərək bərpa olunacaq”.

Aişə Abdulova
“Cebheinfo.az”