Avropa İttifaqında saatlıq əmək xərcləri 3,2 faiz artıb
Avropa Statistika Ofisi (“Eurostat”) Avropa İttifaqı (Aİ) ölkələrində 2026-cı ilin birinci rübü üzrə saatlıq əmək xərclərinə dair məlumatları açıqlayıb.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Avrozonada saatlıq əmək xərcləri bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artıb.
Aİ-yə üzv 27 ölkə üzrə isə saatlıq əmək xərclərinin orta göstəricisi illik müqayisədə 3,6 faiz yüksəlib.
Sektorlar üzrə baxdıqda, Aİ-də saatlıq əmək xərcləri sənaye sahəsində 3,6 faiz, tikinti sektorunda 4,2 faiz, xidmət sahəsində isə 3,4 faiz artım göstərib.Aİ ölkələri arasında əmək xərclərinin ən çox artdığı ölkə Macarıstan olub.
Belə ki, bu ölkədə göstərici 16,4 faiz yüksəlib. Sonrakı yerlərdə 13,2 faizlə Bolqarıstan, 9,2 faizlə Xorvatiya, 8,6 faizlə Litva və 7,2 faizlə Polşa qərarlaşıb.Böyük Avropa iqtisadiyyatlarında isə əmək xərclərinin artımı nisbətən məhdud olub.
Almaniyada saatlıq əmək xərcləri 3,4 faiz, Fransada 1,8 faiz, İtaliyada 2,8 faiz, İspaniyada isə 5,1 faiz artıb.
Analitiklər hesab edirlər ki, əmək xərclərindəki artım bir tərəfdən işçilərin gəlirlərinin yüksəlməsinə şərait yaratsa da, digər tərəfdən şirkətlərin istehsal və xidmət xərclərini artıraraq inflyasiya təzyiqlərinin davam etməsinə səbəb ola bilər.
Xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələrində qeydə alınan yüksək artım əmək bazarındakı rəqabətin və maaşların sürətli yüksəlişinin göstəricisi kimi qiymətləndirilir.
Gülər
"Cebheinfo.az"

