Kanadadakı meşə yanğınlarının tüstüsü Avropaya qədər yayılıb

Kanadadakı meşə yanğınlarının tüstüsü Avropaya qədər yayılıb

Kanadada tüğyan edən meşə yanğınlarının tüstüsü Atlantik okeanı keçərək Avropaya qədər yayılıb. Yaxın günlərdə əlavə tüstü kütlələrinin qitəyə çatacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının “Copernicus” yer müşahidəsi proqramı məlumat yayıb. Əsasən yüksək atmosfer qatlarında yayıldığı üçün tüstü havanın keyfiyyətinə ciddi təsir etməyəcək.

Peyk vasitəsilə dünyanın müxtəlif təbəqələrini, o cümlədən atmosferi, okeanları və qitələri izləyən “Copernicus” proqramının məlumatına görə, Kanadanın Saskaçevan, Manitoba və Ontario əyalətlərində son həftələr ərzində qeydə alınan meşə yanğınları havanı çox miqdarda tüstü və zərərli maddələrlə çirkləndirib.

Kanadanın hakimiyyət orqanlarının hesabatına əsasən, bəzən sayı yüzü keçən yanğın ocaqları quraqlıq və külək nəticəsində sürətlə geniş ərazilərə yayılıb. Təbii fəlakət səbəbindən minlərlə insan təhlükəsiz ərazilərə təxliyə olunub.

Eyni zamanda, Rusiyanın cənub-şərqində, əsasən Baykal gölünün şərqində yerləşən Buryatiya Respublikası və Trans-Baykal regionunda aprel ayından bəri davam edən meşə yanğınlarının tüstüsü Çinə və Şimali Yaponiyaya doğru hərəkət edir.

Yüksək temperatur və intensiv yanğın nəticəsində əmələ gələn belə tüstü kütlələri atmosferin yüksək qatlarına qədər qalxır və külək vasitəsilə uzaq məsafələrə daşınır.

"Cebheinfo.az"