İlham Əliyevin Ağdama səfəri: “Bu torpaqların əsl sahibləri qayıdıblar”

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.
Səfər çərçivəsində bir sıra infrastruktur layihələrinin açılışı və yeni layihələrin təməlatma mərasimləri həyata keçirilib.
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə Prezident İlham Əliyevin Ağdamda Muğam Mərkəzinin açılışında çıxış edərək 30 ilə yaxın müddət ərzində Ağdam və digər ərazilər işğal altında qalarkən Ermənistan tərəfindən bu ərazilərdə genişmiqyaslı vandallıq aktları törədildiyini, şəhərlər və kəndlərin tamamilə dağıdıldığını qeyd edib:
"Ağdam vaxtı ilə Azərbaycanın ən gözəl rayonlarından biri olduğu halda, işğal dövründə xarabalığa çevrilmişdi. Hətta qəbiristanlıqlar belə dağıdılmış, yaşıllıqlar məhv edilmişdi.
Prezidentin çıxışında vurğulandı ki, İkinci Qarabağ müharibəsindən sonra bölgəyə ilk səfər edən xarici media nümayəndələri Ağdamı Xirosima və Naqasaki kimi şəhərlər ilə müqayisə edərək, bu vandalizmin miqyasını dünya ictimaiyyətinə çatdırmışdılar.
Lakin torpaqlar işğaldan azad olunduqdan sonra genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb və artıq Ağdamda 100 min nəfərlik şəhər salınmaqdadır. Artıq bir çox layihələr icra olunub və başa çatmış obyektlərin açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib".
Millət vəkili qeyd edib ki, səfər çərçivəsində Bakı-Bərdə-Ağdam dəmir yolunun istifadəyə verilməsi, Ağdam Dəmir Yolu Vağzalının açılışı, Bakı-Bərdə-Ağdam avtomobil yolunun istifadəyə verilməsi, Ağdam Muğam Mərkəzinin açılışı həyata keçirilib:
"Hazırda Ağdamda və ümumilikdə Qarabağ bölgəsində su, elektrik, kommunikasiya xətləri, sosial və iqtisadi obyektlər, mülki və xüsusi tikililər istifadəyə verilir. Bu işlər, eyni zamanda, Azərbaycanın öz əzəli torpaqlarına qayıdışının təntənəli sübutudur. Dövlət tərəfindən görülən işlər həm də bütün dünyaya bir mesajdır. Bu torpaqların əsl sahibləri qayıdıblar və burada həyat yenidən canlanır.
Prezident İlham Əliyev Ağdam dəmir yolunun gələcəkdə Xankəndinə qədər uzadılmasının planlaşdırıldığını da qeyd etdi. Layihənin təxminən 1,5–2 il ərzində başa çatdırılması nəzərdə tutulur.
Bu yol nəqliyyat baxımından bölgəyə gediş-gəlişi asanlaşdıracaq, xüsusən də yeni istifadəyə verilmiş Qarabağ Universitetində təhsil alan tələbələr, bölgəyə qayıdan vətəndaşlar və turizm məqsədilə gələn qonaqlar üçün böyük rahatlıq yaradacaq.
Qeyd edim ki, Ağdam və digər azad olunmuş ərazilərdə aparılan quruculuq işləri davam edəcək və bu torpaqlar öz əvvəlki gözəlliyinə qovuşacaq".
Səbinə Uğur
"Cebheinfo.az"