Prezident də vasitəçi olmaq istəyir

Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın administrasiyası Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda vasitəçi qismində çıxış etmək niyyətindədir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Braziliyanın "O Globo” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ-nin münaqişənin dayandırılması üçün indiyədək göstərdiyi səylər konkret nəticə vermədiyindən, Braziliya bu rolu öz üzərinə götürməyə hazırdır. Nəşrin bildirdiyinə görə, Lula da Silvanın Moskvaya qarşıdan gələn Qələbə Günü münasibətilə nəzərdə tutulan səfəri Braziliyanın xarici siyasətdəki müstəqilliyini nümayiş etdirmək məqsədi daşıyır. Dövlət başçısı Rusiya tərəfinə Ukrayna ilə bağlı vəziyyətin nizamlanması üçün Braziliya diplomatiyasının imkanlarını təklif edə bilər.
Nəşr vurğulayır ki, Ağ Ev münaqişənin dayandırılması ilə bağlı verdiyi vədləri yerinə yetirməyib. Buna görə də Braziliya hökuməti vasitəçi rolunu öz üzərinə götürmək istəyir. Hökumətin fikrincə, hazırda münaqişənin həllinə nail olmaq istəyi daha çox Rusiya tərəfindən müşahidə olunur, nəinki Avropa İttifaqı və ya Ukrayna tərəfindən.
Bundan əvvəl Braziliya Prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Selsu Amorim bəyan etmişdi ki, Lula da Silva Rusiya səfəri zamanı “sülh elçisi” kimi çıxış etmək və münaqişənin həlli istiqamətində danışıqların başlanması təşəbbüslərinə dəstək vermək niyyətindədir.
Səbinə Uğur
"Cebheinfo.az"