Tarixin seyrini dəyişən gün: “Bizim ailəmiz Türk dünyasıdır”

Tarixin seyrini dəyişən gün: “Bizim ailəmiz Türk dünyasıdır”

Hər il may ayının 3-ü Türk dünyasında Türk Dünyasının Həmrəyliyi Günü kimi qeyd olunur. 

İlk dəfə 3 may 1945-ci ildə türk dünyasının böyük isimləri Nihal Adsız, Zəki Vəlidi Toğan, Nejdət Sançar və Rəha Oğuz Türkqan başda olmaqla 10 məhkum Topxana hərbi həbsxanasında bu günü bayram kimi qeyd edib.

1954-cü ildən etibarən bu gün Nihal Adsızın təşəbbüsü ilə Türkçülük Günü kimi qeyd olunur. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan sonra isə bu gün daha geniş şəkildə keçirilir.

Qeyd edək ki, bu gün türk dövlətləri birgə əməkdaşlıq qurur, hətta Türk Dövlətləri Təşkilatı fəaliyyət göstərir.

Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə yanaşı, bu qurumun əlaqəli orqan və qurumları olan TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası ilə də sıx əməkdaşlıq edir və üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində aktiv rol oynayır.

Türk Dünyasının Həmrəyliyi Günü ilə bağlı "Cebheinfo.az"a fikirlərini bölüşən millət vəkili Azər Badamov bildirib ki, “türkçülük” ideoloji zəmində bir sıra çətinliklərlə üzləşsə də, tarixin ən çətin dönəmlərində belə, dövrün çağırışlarına cavab verməyi bacarıb:

"Bu gün də türk dünyası çox taleyüklü bir mərhələdən keçir. Belə bir durumda beynəlxalq geosiyasi konyukturanı da nəzərə alaraq milli şüuru qoruyub-saxlamalı, onu gələcək nəsillərə ötürmək lazımdır. 

Türk dünyasına Qarabağ Zəfərindən sonra sanki yeni bir nəfəs verildi, türk dövlətləri məhz bu qələbənin işığına yenidən yığıldı. Türk dövlətləri birlik naminə qarşılıqlı əlaqəni sadəcə dövlət deyil, cəmiyyətlər də olmaqla bütün səviyyələrdə inkişaf etdirməlidirlər. 

Tarixi faktlar nadir hallarda bu qədər aydın şəkildə görülüb, ideyalar ləng reallaşdırılırdısa, bu zəfər sanki oyanışın, faktları, tarixi yenidən nəzərdən keçirməyin və gələcəyə daha əzmlə fokuslanmağın hərəkətverici qüvvəsi oldu. 

Lakin o da danılmaz faktdır ki, milli kimliyə və şüura dərindən bağlı olan türklər böyük bir əraziyə səpələnmələrinə və tarixdə ayrı-ayrılıqda fəaliyyətlərinə baxmayaraq “türkçülük” ideyasından kənara düşməməyi bacarmışlar.

Düşünürəm ki, türkçülüyü fərqləndirən məsələlərdən biri də odur ki, digər hegemon ideogiyalara baxmayaraq o, rəqabətin yeraltı pillələrinə enməməyi bacarmış, siyasətin soyuq, amansız üzünü dəf etməyə müvəffəq olmuş, digər kimliklərin nifrətlə qiymətləndirilməsindən, öz irqi üstünlüyünə, kimliyinə görə yersiz qürur hissindən də uzaq olmağı bacarmışdır".

Onun sözlərinə görə, daxili və xarici siyasətinin prioritetlərini uzaqgörənliklə icra edən cənab Prezident İlham Əliyev 14 fevral 2024-cü ildə bu prioritetləri geniş kütləyə bir daha bəyan edərək bildirib ki, “Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, bu təşkilat bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. 

İnkarolumaz bir digər fakt da odur ki, Azərbaycan-Türkiyə qardaşlığı bu ailədə əsas amillərdən biridir.

Millət vəkili  qeyd edir ki, Azərbaycan bu gün reallaşdırdığı layihələrlə, atdığı addımlarla Mərkəzi Asiya kimi zəngin yeraltı və yerüstü sərvətlərə malik region ilə əlaqələri daha da möhkəmləndirir:

"Məhz bu addım türk dövlətlərinin dünyada iqtisadi, siyasi çəkisinin artmasına təkan verir. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan iqtisadiyyatları böyüyür.

Buna təkan verən amil ayrı-ayrılıqda aktorlar arasında qarşılıqlı şəkildə əlaqələrin sürətləndirilməsidirsə, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində ticarət dövriyyəsinin artırılmasının davamlı və dayanıqlı hal almasıdır.

Bu məsələdə genişmiqyaslı nəqliyyat layihələrinin reallaşdırılmasının payı əhəmiyyətli dərəcədə böyükdür. 

TDT ölkələri arasında imzalanmış sənədlər, investisiyaların təşviqi, habelə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər hüquqi bazanı daha da möhkəm edib. 

Təşkilata üzv ayrı-ayrı ölkələr arasında sayı gündən-günə artan işgüzar tədbirlər, biznes forumları, ixrac missiyaları müştərək layihələrin icrasını daha da stimullaşdırır".

Nigar Abdullayeva
"Cebheinfo.az"