Azərbaycanda "erotik məzmuna" görə telekanal cərimələnib

Azərbaycanda "erotik məzmuna" görə telekanal cərimələnib

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun 9-cu maddəsi - televiziya və radio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblərə əsasən, televiziya və radio yayımı vasitəsilə yayımlanan, "Universal", "6-", "6+" və "12+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, vaxt məhdudiyyəti yalnız "16+" yaş kateqoriyasına aid informasiya məhsullarından bəzilərinə və "18+" yaş kateqoriyasına aid informasiya məhsullarına tətbiq edilir:

"16+" yaş kateqoriyasına aid "qorxu məzmunlu" informasiya məhsulları yerli vaxtla saat 7:00-dan saat 21:00-dək, digər "16+" yaş kateqoriyasına aid "erotik məzmunlu" informasiya məhsulları və "18+" yaş kateqoriyasına aid informasiya məhsulları (zorakılığı və qəddarlığı təbliğ edən informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri təbliğ edən informasiya, cinayətləri təbliğ edən informasiya, pornoqrafik informasiya və s.) yerli vaxtla saat 6:00-23:00 arası yayımlana bilməz.

Eyni zamanda, qanun tələb edir ki, "18+" yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir".

Qeyd edilib ki, audiovizual mediada informasiya məhsulunun yaş təsnifatı ilə bağlı tələblərə riayət olunmasına nəzarət Audiovizual Şura tərəfindən həyata keçirilir: "Universal", "6-", "6+" və "12+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yayılması ilə bağlı vaxt məhdudiyyəti olmadığından və işarələnmə ilə bağlı mütəxəssislərin çatışmazlığından, bu informasiya məhsullarının uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılmadığından və qadağan edilmədiyindən Audiovizual Şura yalnız "16+" və "18+" kateqoriyalı informasiya məhsulları ilə bağlı məsələlərə nəzarət edir.

"16+" və "18+" kateqoriyalı informasiya məhsulunun işarələnməməsi və vaxt məhdudiyyətinin tətbiq olunmaması ilə bağlı isə Audiovizual Şura qanuna müvafiq sanksiya tədbirləri görür. Belə ki, 2024-cü ildə "16+" və "18+" kateqoriyalı informasiya məhsulunun işarələnməməsi və vaxt məhdudiyyətinin tətbiq olunmaması ilə bağlı iki audiovizual media subyektinə protokol tərtib edilib və müvafiq məhkəməyə göndərilib. Müvafiq məhkəmə qərarlarına əsasən hər iki subyekt 3 000 manat məbləğində cərimə edilib.

Bildirilib ki, audiovizual mediada uşaq hüquqlarının qorunması Audiovizual Şura üçün prioritet məsələlərdən hesab olunur:

"Bu istiqamətdə fəaliyyət mütəmadi olaraq davam edir, qanunvericilik tələblərini pozmuş yayımçılara qarşı müvafiq tədbirlər görülməsindən başqa, yayımçılar ilə maarifləndirmə işləri də həyata keçirilir.

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 1.0.2-ci maddəsinə əsasən informasiya məhsulları dedikdə ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan media məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya məhsulları nəzərdə tutulur.

Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, informasiya məhsulunun işarələnməsi informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulun və onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun işarələrdən birinin aydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçirilir.

"Cebheinfo.az"