Əri vəkili təhdid etdi: Qadın müdafiəçisiz qaldı

Ərini öldürməyə cəhddə ittiham olunan Aynur Nağıyeva müdafiəçisiz qalıb.
“Qafqazinfo”nun məlumatına görə, xanım müttəhimin vəkili Nicat İmanzadə məhkəməyə gəlmir.
Vəkil məhkəməyə ərizə göndərib ki, müdafiə etdiyi şəxsin əri Sakit Nağıyev müxtəlif yollarla onu təhdid edir, arvadının müdafiəsindən imtina etməsini tələb edir.
Aynur isə hesab edir ki, vəkil təhdid zənglərinə görə deyil, icraatında çox iş olduğu üçün onu müdafiə etmək istəmir. Qadın da eyni zamanda Nicat İmanzadənin müdafiəsindən imtina etdiyini qeyd edib.
Hakim dövlət hesabına yeni vəkil təyin edilməsini təklif etsə də, Aynur bunu qəbul etməyib. Onun zalda əyləşən anası qızını müdafiə etmək üçün öz hesablarına yeni vəkil ilə müqavilə bağlamağa şərait yaradılmasını xahiş edib.
Məhkəmə təklifi qəbul edib, proses yeni müdafiəçi ilə davam etdirilmək üçün təxirə salınıb.
Qeyd edək ki, 27 yaşlı Aynur Nağıyeva 4 azyaşlı uşaq anasıdır. İttihama görə, o, ərini pis vərdişlərinə göre öldürməyə cəhd edib və bu məqsədlə ona 9 bıçaq zərbəsi endirib. Cinayət sübuta yetirildiyi halda, Nağıyeva 14 ildən 20 ilə qədər azadlıqdan məhrum edilə bilər. Lakin Aynur özünü təqsirli bilmir, ərinə vurduğu bıçaq zərbələrinin daxilə nüfuz etmədiyini iddia edir.
“Cebheinfo.az”