Elşad Qarayevin vəsiyyətini açıqladı

Elşad Qarayevin vəsiyyətini açıqladı

Müğənni Elşad Qarayev efirdə səsləndirdiyi vəsiyyəti ilə gündəmə gəlib.

"Cebheinfo.az" Milli.az-a istinadla xəbər verir ki, sənətçi doğma rayona hər səfərində dünyasını dəyişən qardaşlarının məzarlarını ziyarət etdiyini və həyatın faniliyi barədə tez-tez düşündüyünü bildirib.

Onun sözlərinə görə, insan bu dünyadan elə iz qoyaraq getməlidir ki, hər zaman xeyirlə xatırlansın və ona rəhmət oxunsun.

Elşad Qarayev ailəsi haqqında da danışaraq atasının vəfatından sonra böyük qardaşı Manafın ailəyə ata əvəzi olduğunu söyləyib. O qeyd edib ki, səkkiz övladlı ailədə böyüyüblər və hazırda dörd qardaşı həyatdadır.

Müğənni vəsiyyəti ilə bağlı da danışaraq qızı Rəvana və həyat yoldaşına onu qardaşlarının yanında dəfn etmələrini tapşırdığını bildirib. Sənətçi valideynləri və bacısının kənd qəbiristanlığında dəfn olunduğunu xatırladaraq, özünün isə qardaşlarının yanında uyumaq istədiyini vurğulayıb.

İfaçının səmimi etirafları sosial şəbəkələrdə də diqqətdən yayınmayıb. İzləyicilərin bir qismi onun ailə dəyərlərinə verdiyi önəmi yüksək qiymətləndirib, digərləri isə vəsiyyəti ilə bağlı fikirlərini şərh edərək müzakirələr aparıblar.

"Cebheinfo.az"