60 gündə nə baş verəcək?
"ABŞ administrasiyası Tehranın razılaşmanın şərtlərinə əməl etmədiyinə inanarsa, İrana qarşı zərbələri bərpa və dəniz blokadasını yenidən tətbiq edə bilər".
Bunu ABŞ vitse-prezidenti Vens iyunun 16-da bildirib. "Bu mümkündür", - deyə o, "Fox News"-da ABŞ-nin bu cür addımlarının mümkün olub-olmadığı sualına cavab olaraq bildirib. "Bu, blokadaya qayıtmaq demək olar. Bu, çox şey ifadə edə bilər.
Bütün risklər bizdədir. Əgər onlar buna əməl etməsələr, nə edəcəyimizə qərar verəcəyik", - deyə o vurğulayıb.
Bütün bunların fonunda tərəflər arasında yeni diplomatik danışıqların başlanması, yoxsa hərbi-siyasi gərginliyin artması ehtimalı daha yüksəkdir?
“Cebheinfo.az”a açıqlamasında siyasi analitik Orxan Amaşov bildirib ki, əldə olunan razılaşma hələlik yalnız çərçivə sənədi xarakteri daşıyır. Onun sözlərinə görə, İranın performansı növbəti mərhələnin taleyini müəyyən edəcək:

“Çərçivə sənədində 60 günlük müddət nəzərdə tutulur. Sonrakı proses İranın performansına bağlıdır. İran müvafiq addımları atmasa, təbii ki, hərbi əməliyyatlar başlaya bilər. Ona görə də mən hesab edirəm ki, gələcəyi gözləmək lazımdır.
İsrail də müqavilənin şərtləri, xüsusilə də onun Livanla bağlı hissəsi ilə razı deyil. Həmin müqavilənin İsrail üçün heç bir hüquqi məcburedici qüvvəsi olmayacaq. Bu baxımdan mən bu çərçivə sazişinə çox ehtiyatla yanaşıram.
Onun dağılması və ya sülh mərhələsindən yenidən hərbi əməliyyatlar dövrünə keçilməsi ehtimalını kifayət qədər ağlabatan hesab edirəm. Amma, təbii ki, hazırda qeyri-müəyyənlik hökm sürür”.
Orxan Amaşov vurğulayıb ki, çərçivə sənədinin imzalanması hələ sülhə zəmanət vermir:
“Hələlik bəlli deyil. Birincisi, onların razılaşdırdıqları sənəd hələ imzalanmayıb. İmzalansa belə, o imzanın dəyəri nədən ibarət olacaq? Buna qədər də çoxlu çərçivə sənədləri imzalanıb. Adətən ABŞ-nin yeni metodologiyası istər Qəzza konflikti, istərsə də digər məsələlər çərçivəsində bundan ibarətdir ki, prinsipial məsələlərin hamısı üzrə razılıq əldə etmək mümkün deyilsə, bir çox hallarda danışıqlar mürəkkəb xarakter daşıyır.
Bütün məqamları, prinsipial məsələləri danışmaq mümkün olmur. Bu halda tərəflər çərçivə sənədi imzalayırlar. Həmin sənəddə müəyyən müddət nəzərdə tutulur və bu müddət ərzində qarşı tərəf, yəni İran müəyyən addımlar atmalıdır”.
Siyasi analitik hesab edir ki, ABŞ və İsrailin mövqeləri əsasən üst-üstə düşsə də, tərəflər arasında fikir ayrılığı yaradan müəyyən məqamlar var:
“60 gündən sonra müqavilənin davam etməsi və yeni şərtlər ətrafında hüquqi məcburetmə qüvvəsinə malik mexanizmin formalaşması üçün İranın bu müddət ərzində düzgün addımlar atması vacibdir.
Bəs bu 60 gün ərzində nə baş verəcək? Burada çoxlu provokasiya elementləri var. İsrail bu prosesi, təbii ki, poza bilər. Çünki onlar bu kontekstdə sülhdə maraqlı deyillər. Hesab edirlər ki, heç nə onları məhdudlaşdırmamalıdır. İsrailin özünəməxsus milli maraqları var.
Belə görünür ki, ABŞ və İsrail 80-90 faiz eyni məntiqlə çıxış etsələr də, razılaşmadıqları təxminən 10 faizlik məqam mövcuddur. Həmin məsələlər ön plana çıxarsa, onda sülh prosesi baş tutmaya da bilər. Amma mən hesab edirəm ki, bir müddət ərzində belə bir gözlənti mühiti mövcud olacaq”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

