Köçəryan Azərbaycana təhvil verilir?
Son günlər siyasi dairələrdə Rusiyanın Ermənistanın sabiq prezidenti Robert Köçəryana əvvəlki dəstəyini azaltdığı və onun gələcəyinin qeyri-müəyyənləşdiyi barədə iddialar səsləndirilir.
Bəzi ekspertlər Moskvanın regionda dəyişən geosiyasi reallıqlar fonunda prioritetlərini yenidən nəzərdən keçirdiyini bildirirlər. Bununla yanaşı, Köçəryanın Azərbaycana təhvil veriləcəyi ilə bağlı da müxtəlif fərziyyələr irəli sürülür.
Lakin hazırda bu iddiaları təsdiqləyən rəsmi məlumat və ya hüquqi proses barədəı açıqlama mövcud deyil. Müşahidəçilər hesab edirlər ki, məsələ daha çox siyasi müzakirə səviyyəsində qalır və hər hansı qərar yalnız konkret hüquqi əsaslar yaranacağı halda gündəmə gələ bilər.
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az” – a şərhində qeyd edib ki, Robert Köçəryanın Azərbaycana təhvil verilməsi həm hüquqi, həm də siyasi baxımdan olduqca mürəkkəb məsələdir:

“Bəli, Rusiya tarixən Ermənistan siyasətində ciddi təsir imkanlarına malik olub və Köçəryan da uzun illər Moskva ilə yaxın münasibətləri olan biri kimi tanınıb. Buna görə də o, uzun illər ərzində Rusiya tərəfindən siyasi dəstək alıb.
Lakin son illərdə Ermənistan–Rusiya münasibətlərində ciddi dəyişikliklər baş verib. Ermənistan hakimiyyətinin Qərblə yaxınlaşması, KTMT ilə bağlı problemlər və 2020-ci il Qarabağ müharibəsindən sonra yaranmış narazılıqlar Moskvanın İrəvanla münasibətlərinə təsir edib.
Bu fonda Rusiyanın əvvəlki kimi Ermənistanın bütün siyasi fiqurlarına eyni dərəcədə himayə göstərmədiyi müşahidə olunur. Köçəryan kimi keçmiş liderlərin də Moskva üçün əvvəlki strateji əhəmiyyətini qismən itirdiyini demək olar”.
Onun sözlərinə görə, artıq Ermənistan daxilində Köçəryandan daha çox təsir imkanlarına malik olan Samvel Karapetyan kimi fiqurların mövcudluğu da Köçəryanın arxa plana keçməsinə səbəb olub:
“Ancaq bundan Putinin Köçəryandan tamamilə imtina etdiyinə dair nəticə çıxarmaq hələ tezdir”.
Köçəryanın Azərbaycana təhvil verilməsinin hüquqi baxımdan mümkünlüyü məsələsinə gəlincə, ekspert belə qeyd edib:
“Köçəryanın Azərbaycan təhvil verilmə ehtimalına gəldikdə isə hüquqi baxımdan ekstradisiya prosesinin həyata keçirilməsi yalnız konkret hüquqi əsasların mövcudluğundan yox, həm də siyasi iradədən asılıdır.
Azərbaycan tərəfi nəzəri olaraq onun təhvil verilməsi ilə bağlı müraciət edilə bilər. Bununla belə, ekstradisiya tələbinin təmin olunması saxlanılmanın baş verdiyi ölkənin qanunvericiliyi, beynəlxalq öhdəlikləri və məhkəmə qərarlarından asılı olacaq.
Köçəryan Ermənistanda Xocalı soyqırımı və müharibə cinaəylərinə görə saxlanılmayıb və onun ölkədən çıxışına qadağa qoyulması da bununla bağlı deyil. Digər tərəfdən, Ermənistan daxilində və beynəlxalq müstəvidə belə bir ekstradisiya tələbi ciddi rezonans doğura bilər.
Bu səbəbdən məsələ yalnız hüquqi prosedur kimi deyil, həm də diplomatik münasibətlər kontekstində qiymətləndiriləcək. Odur ki, Robert Köçəryanın Azərbaycana təhvil verilməsi hüquqi baxımdan tamamilə mümkünsüz görünməsə də, bunun reallaşması üçün həm mürəkkəb beynəlxalq prosedurların uğurla tamamlanması və ən əsası da Ermənistan hakimiyyətinin siyasi iradə göstərməsi tələb olunur. Hazırkı şəraitdə belə bir halın baş verməsi isə demək olar ki, mümkün deyil”.
Yunis Abdullayev
“Cebheinfo.az

