Qulamhüseyn Əlibəyli: “Dövlətlə siyasi partiya və media münasibətləri inkişaf edir”

Qulamhüseyn Əlibəyli: “Dövlətlə siyasi partiya və media münasibətləri inkişaf edir”

“Artıq bir neçə ildir ki, Prezident Administrasiyasının təşəbbüsü ilə siyasi partiya sədrləri, müstəqil siyasətçilər, kütləvi informasiya vasitələrinin rəhbərləri və media nümayəndələri birlikdə səfərlərə gedirlər”. 

Bu sözləri politoloq Qulamhüseyn Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bu səfərlərin əhəmiyyəti danılmazdır: 

“Səfər zamanı işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin gedişi ilə yerində tanış oluruq. Nəzərə almaq lazımdır ki, siyasi partiyalar, müstəqil siyasətçilər və media nümayəndələri dövlətin siyasi həyatında iştirak edirlər. 

Bu səbəbdən də onların öz gözləri ilə quruculuq işlərini görməsi olduqca xoşdur. Məsələn, dünənki səfərdə biz ərazilərin minalardan təmizlənmə prosesi ilə yaxından tanış olduq. Həmçinin, Cəbrayıl və Zəngilanda aparılan abadlaşdırma və yenidənqurma işlərini gördük. Artıq Cəbrayılda yaşayış massivləri istifadəyə verilib. 

Cəbrayılda yerli sakinlərlə də görüşdük. Cəbrayıldan qaçqın düşmüş tanıdığım şəxslər də orada idi. Oraya həyatın qayıtması çox xoş təsir bağışlayır. Şəhər üçün zəruri olan obyektlər də tikilib istifadəyə verilir. Həmçinin, Zəngilanda da şəhər məscidi, Konqres Mərkəzi, 104 mənzilli yaşayış kompleksi və Oxçuçay üzərində yerləşən su-elektrik stansiyası ilə tanış olduq”. 

Ekspert vurğulayıb ki, bunlar hər birimiz üçün qürur mənbəyidir: 

“Çünki 30 il ərzində həmin ərazilər ermənilərin işğalı altında idi. Ərazilərimizi məhv edib, dağıtmışdılar. İndi isə onların yenidən qurulması və əhalinin köçü başlayıb. Əlbəttə ki, bunlar çox möhtəşəmdir”. 

Qulamhüseyn Əlibəyli qeyd edib ki, bu cür səfərlər tərəflər arasında qeyri-rəsmi münasibətlərin yaranması baxımından da faydalıdır: 

“Əslində, dövlətlə siyasi partiyalar və media arasındakı münasibətlər daha da inkişaf edir. Bu baxımdan, qeyri-rəsmi atmosferin yaranması çox böyük əhəmiyyət kəsb edir. Birgə səfərlərin təşkil olunması və qeyri-rəsmi atmosferin yaradılması gələcəkdə bu münasibətlərin daha da inkişaf etməsinə səbəb ola bilər”. 

Qeyd edək ki, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin sayca yeddinci səfəri Cəbrayıl və Zəngilana olub. 

Səfərdə ümumilikdə, 70 nəfərdən artıq şəxs iştirak edib. 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak edib. 

Elmir Mustafa 
“Cebheinfo.az”