Mətbuatımızın 150 illiyi: “Etimadı doğrultmalıyıq”

Bu il Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyidir.
22 iyul 1875-ci ildə görkəmli maarifçi, alim, publisist və mütəfəkkir Həsən bəy Zərdabinin rəhbərliyi ilə “Əkinçi” qəzeti yaranıb. Bununla da milli mətbuatımızın əsası qoyulub. Mətbuatımız geridə qalan 150 il ərzində çox böyük inkişaf yolu keçib. Ulu Öndər Heydər Əliyevin dönəmindən başlayaraq mətbuatımıza dövlət qayğısı göstərilib.
Bu diqqət və qayğı Prezident İlham Əliyevin rəhbərliyi ilə də çox yüksək səviyyədə davam etdirilir. Medianın İnkişaf Agentliyinin (MEDİA) yaranması da bu dəstəyin ən bariz nümunələrindən biridir. Bu gün Azərbaycanda söz və mətbuat azadlığı tam şəkildə təmin olunub. Medianın inkişafı ilə bağlı ölkədə mütəmadi şəkildə uğurlu addımlar atılır.
Məsələn, Azərbaycanda söz və fikir azadlığı konstitusion əsasda təsbit edilib. Yəni, hər bir yazılı, elektron kütləvi informasiya vasitəsi özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Eyni zamanda, “Media haqqında” Qanunla jurnalistlərin də hüquqları müdafiə olunur.
Xatırladaq ki, Prezident İlham Əliyev 25 aprel 2024-cil tarixində Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu Sərəncam belə ölkədə mətbuata verilən dəyərin ən yüksək səviyyədə təzahürüdür. Dövlətimizin başçısı İlham Əliyev hər zaman mətbuatın inkişafı və jurnalistlərin rifahına xüsusi diqqət yetirir.
“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər milli mətbuatımızın 150 illiyi ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan mətbuatının dünya mətbuat tarixində öz yeri var:
“Azərbaycan mətbuatı həm də ciddi şəkildə dövlət qayğısı ilə himayə olunur. Bu, Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılan dövlət ənənəsidir. Bu ənənə cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Mətbuatının qayğıları və jurnalistlərin problemləri hər zaman dövlətin diqqət mərkəzindədir. Buna görə bəlkə də Azərbaycan dünyada analoqu olmayan ölkədir ki, mətbuatın bütün problemlərinə həmişə müsbət reaksiya verilir. Hətta jurnalistlərin hansısa problemi olarsa, məsələ dövlətin ən ali şəxsi tərəfindən nəzarətə götürülür. Bunun yaxın tarixdə çox sayda nümunəsi var”.
Redaktor qeyd edib ki, Azərbaycan mətbuatı ciddi bir yol keçib:
“Xüsusilə də ölkəmizin müstəqilliyini elan etməsindən sonra milli mətbuatımız formalaşıb və media qurumları jurnalistikanın yeni qaydalarına uyğun uğurlu şəkildə fəaliyyət göstərməyə başlayıb. Son illərdə qəbul olunan “Media haqqında” Qanun da jurnalistlərin hüquqları qoruyur və onlara dəstək verir. Bunu mətbuatımızın 150 illik yubileyindən öncə Azərbaycan dövləti tərəfindən jurnalistikamıza verilən töhfə kimi qiymətləndirməliyik. Bundan sonra da bənzər addımların artacağına inanırıq. Çünki Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin dostudur”.
Aqil Ələsgər Medianın İnkişafı Agentliyinin də media subyektlərinə dəstəyinin əvəzolunmaz olduğunu vurğulayıb:
“Medianın İnkişafı Agentliyinin fəaliyyəti də Azərbaycan Prezidentinin media siyasətinin təzahürüdür. Nəzərə almaq lazımdır ki, bu agentlik yaranandan sonra onlayn mediaya ciddi dəstək verildi. Bu dəstək sayəsində Azərbaycanın onlayn mediası ölkə daxilində və xaricində xüsusi təsir imkanına malik oldu. Yəni, Medianın İnkişafı Agentliyinin dəstəyi əvəzsizdir”.
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan mətbuatı dünya mətbuatının bir parçası olmalıdır:
“Cənab Prezident İlham Əliyev də hər dəfə jurnalistlərlə görüşündə bizdən dünya mediası ilə inteqrasiya istəyir. Azərbaycan mediası sadəcə daxilə xitab etməməlidir. Mətbuatımız “informasiya müharibəsi”nə də öz töhfəsini verməli və beynəlxalq aləmdə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı addımlar atmalıdır. Ümumiyyətlə, Azərbaycan mediası güclü, dinamik və operativ olmalıdır. Hər zaman bizə olan etimadı doğrultmağa davam etməliyik”.
Elmir Mustafa
“Cebheinfo.az”