Hindistan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Hindistanın Hərbi Hava Qüvvələri Pakistanla sərhəddə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The Times of India" qəzeti Hərbi Hava Qüvvələri komandanlığındakı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Racəsthan və Pəncab ştatlarında yerləşən ön cəbhə hərbi bazalarında tam silahlanmış qırıcı təyyarə heyətləri daim hazır vəziyyətdə saxlanılır və istənilən an havaya qalxmağa hazırdır.
Fransadan alınmış çoxməqsədli "Rafale" qırıcıları da döyüş tapşırıqlarına cəlb oluna bilər. Bu təyyarələr 300 kilometrlik məsafədən hədəfləri vura bilən "Scalp" qanadlı raketləri ilə təchiz edilib.
Hazırlığın gücləndirilməsinə səbəb isə mayın 5-nə keçən gecə Pakistan hərbçilərinin Kəşmirdə təmas xəttinin səkkiz müxtəlif istiqamətində atəş açmasıdır.
Hindistan bu atışları "səbəbsiz və təxribat xarakterli" adlandırır.
Xatırladaq ki, son günlər Hindistanla Pakistan arasında münasibətlər daha da gərginləşib. Aprelin 22-də Cammu və Kəşmirin Pahalgam bölgəsində baş vermiş terror aktı bu gərginliyi pik həddə çatdırıb.
Həmin hücum nəticəsində 25 hindistanlı və 1 Nepal vətəndaşı həlak olub. Hindistan bu hücumun arxasında Pakistanda qərar tutmuş "Ləşkər-e-Tayyibə" qruplaşmasının və Pakistanın hərbi kəşfiyyatının dayandığını bildirir.
Bundan sonra hər iki ölkə diplomatik əməkdaşlara qarşı qarşılıqlı məhdudiyyətlər tətbiq edib, birgə sazişləri dayandırıb və hava məkanlarını bir-birlərinə bağlayıblar.
Səbinə Uğur
"Cebheinfo.az"