Qanunsuz abort və süni mayalanmaya görə yeni cəzalar qəbul edildi

Qanunsuz abort və süni mayalanmaya görə yeni cəzalar qəbul edildi

Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiyaya görə cəzalar sərtləşdirilir.

"Cebheinfo.az" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etmə və şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparma əməlləri ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təklif edilən dəyişikliyə əsasən, yuxarıdakı əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

Bundan başqa qanunsuz abort etməyə görə də cəzalar sərtləşdirilir.

Mövcud qanunvericiliyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 6 ayadək müddətə islah işləri ilə cəzalandırılır. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə 1000 manatdan 1 500 manatadək miqdarda cərimə və ya 360 saatdan 400 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Təklif edilən dəyişikliyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurulduqda 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

"Cebheinfo.az"