Evə qayıtmaq vaxtıdır...

Son günlər İsrailin Ukraynadakı səfiri Mixail Brodskinin “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlı verdiyi açıqlama ciddi reaksiyalara səbəb olub.
Siyasi mövqeyi ilə Ukrayna hakimiyyəti və cəmiyyəti ilə təmasda olan bir şəxs kimi Brodski görünür, bu iki təzyiq arasında tab gətirə bilməyib. İsrail bu müharibə dövründə Ukraynaya humanitar yardım göstərsə də, silah tədarükü məsələsi daim mübahisəli qalıb. Kiyev dəfələrlə daha çox dəstək tələb edib və bu, İsrail diplomatiyası ətrafında gərgin mühit yaradıb. Görünən odur ki, Ukrayna tərəfinin təzyiqi və hansısa səbəbdən İsrailin rəsmi mövqeyini izah etməyə çalışmaq istəyi Brodskini qeyri-adekvat bəyanata sürükləyib. Belə ki, o, ukraynalı jurnalist Mariçka Dovbenko ilə müsahibəsində bildirib:
“Bizim ABŞ-dən vaxtilə aldığımız "Patriot" sistemləri indi Ukraynadadır. Bu, 90-cı illərin əvvəllərindən İsrail ordusunda olan sistemlərdir”.
Söhbət illər əvvəl baş verən hadisələrdən getsə də, bu məlumatın indi açıqlanması və "Patriot" sistemlərinin Ukraynaya ötürülməsi ilə bağlı iddialar yeni suallar doğurub. Məlumatlara görə, İsraildə bu sistemlərdən yalnız 90 ədəd istifadəsiz raket qalmışdı ki, bu da cəmi bir atəşə bəs edərdi. Üstəlik, onların hamısı 1990-cı illərdə hazırlanıb və bu günün texnologiyasına uyğun gəlmir. Əgər nəzərə alsaq ki, bu komplekslər əslində ABŞ-yə məxsus olub və onların Ukraynaya verilməsi rəmzi addım kimi qiymətləndirilirdi, Brodskinin bu barədə danışması daha çox informasiya savaşı üçün istifadə edilən alətə çevrilir.
Əslində söhbət Kiyevin real müdafiəsindən yox, Ukraynanın İsrailə qarşı apardığı informasiya savaşından gedir. Bu gün Kiyev həmin epizodu arqument kimi təqdim edir. Guya İsrail Ukraynaya artıq silah verib və bəlkə də bunu indi də davam etdirir. Halbuki, İsrailin Xarici İşlər Nazirliyi açıq şəkildə bildirib ki, Ukraynada İsrail silahı yoxdur. Amma burda maraqlı bir sual doğur: Brodskinin “sərbəst danışdığı” və İsrail XİN-nin dərhal məsafə saxladığı hadisələr əslində bir il əvvəl baş verib.
O vaxt da bu haqda kifayət qədər yazılıb. Bəs nə üçün bu məsələ indi yenidən gündəmə gəldi? Niyə məhz indi bu mövzu yenidən gündəmə gətirildi? Rusiya-Ukrayna cəbhəsindəki vəziyyət gərgin olaraq qalır.
İyunun 10-da Rusiya ordusu Pokrovsk istiqamətində hücum əməliyyatlarını davam etdirərək, demək olar ki, Dnepropetrovsk vilayətinin inzibati sərhədinə çatıb. Eyni zamanda, Ukrayna dronlarının Rusiyaya təşkil etdiyi genişmiqyaslı hücum və buna cavab olaraq Kiyev və Xarkova endirilən kütləvi zərbələr müzakirə olunur.
Qeyd etmək lazımdır ki, ABŞ Prezidenti Donald Tramp da Ukraynanın Rusiyanın strateji aviasiya hərbi hava bazalarına endirdiyi zərbələrdən narazılığını bildirib. Özəl söhbətlərində Tramp qeyd edib ki, Kiyev bu addımı Vaşinqtonla razılaşdırmayıb. Bu isə Ukraynaya dəstəyin davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı yeni suallar doğurub. Nəticədə Ukraynaya təcili olaraq İsrail və Rusiya əleyhinə informasiya müharibəsi lazım idi ki, cəbhədəki real vəziyyətdən diqqəti yayındırsın. Son günlər Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə, o cümlədən Xarkov, Kupyansk və Liman bölgələrində artan təzyiqlə üzləşib. Rusiya qüvvələri aktiv hücuma keçib, Ukrayna isə mövqelərini qorumağa çalışır.
Lakin əsas məsələ təkcə döyüş meydanındakı vəziyyət deyil. Məsələ həm də Ukraynanın Ağ Evdəki nüfuzu ilə bağlıdır. Belə ki, ABŞ administrasiyasında Ukraynaya dəstəyin azaldılması məsələsi getdikcə daha açıq şəkildə müzakirə olunur. Tramp isə özəl söhbətlərdə Zelenskini "emosional və düşüncəsiz" adlandıraraq, onun təhlükəli nəticələrə yol açdığını bildirir. Bu narazılıq NATO və Aİ-də Ukraynanın tərəfdarları arasında da hiss olunur. Avropalı siyasətçilər getdikcə daha çox sual verməyə başlayıblar:
“Bu müharibə bizim hesabımıza nə qədər davam edəcək?”
İqtisadi təzyiqlər və müharibə yorğunluğu fonunda Avropa liderləri strategiyanı yenidən nəzərdən keçirməyi düşünürlər. Beləliklə, İsrail ətrafında yaradılan diplomatik qalmaqal daha geniş məqsədin -beynəlxalq aləmdə Ukrayna ilə bağlı yanaşmanı dəyişmək və yeni təzyiq alətləri axtarmaq oyununun bir hissəsi ola bilər.
Nə baş verir və nə planlaşdırılır?
Mövcud hadisələr fonunda belə qənaətə gəlmək olar ki, Kiyev yeni bir diplomatik qalmaqal yaratmağa çalışır. Məqsəd həm İsrailə təzyiqləri artırmaq, həm də cəbhədəki mürəkkəb vəziyyətdən diqqəti yayındırmaqdır. Bu, bəlkə də daha geniş bir strategiyanın tərkib hissəsidir: ya yeni silah tədarükünü təmin etmək, ya da beynəlxalq ictimaiyyətin münaqişəyə münasibətini dəyişmək üçün bir cəhd.
Bu hadisəni sadəcə diplomatik səhv adlandırmaq doğru olmaz. Bu, informasiya müharibələrinin nə qədər intensivləşdiyini göstərən bir əlamətdir. Əsas sual isə budur ki, bu insident İsrailə qarşı siyasi təzyiqlərin yeni dalğasına səbəb olacaqmı, yoxsa tezliklə unudulacaqmı?
Burada bir məqamı da vurğulamaq lazımdır ki, bir ölkənin səfiri kimi, o, təmsil etdiyi dövlətin maraqlarını hər zaman qorumaq və müdafiə etmək öhdəliyi daşıyır. Amma əgər diplomatik təzyiqlər qarşısında bu mövqe sarsılır, səfir isə özünü haqlı çıxarmaq üçün ehtiyatsız açıqlamalar verir və bununla da dövlətini çətin vəziyyətə salırsa o zaman bəlkə bir qədər dincəlmək vaxtıdır. Hamat-Qaderdə, isti bulaqları ilə məşhur kurortda istirahət səfiri özünə gətirərdi. Bəlkə də, sadəcə evə qayıtmaq vaxtıdır...
HAŞİYƏ: MIM-104 Patriot ABŞ ordusu və bir neçə başqa müttəfiq ölkə tərəfindən istifadə olunan əsas zenit-raket kompleksidir. Bu hava hücumundan müdafiə sistemi ABŞ-nin əsas müdafiə sənayesi şirkətlərindən biri olan Raytheon tərəfindən istehsal olunur. Patriot sistemi özündən əvvəl ABŞ ordusunun silahlanmasında olan orta-uzun mənzilli MIM-14 Nike-Hercules və orta mənzilli taktiki hava hücumundan müdafiə sistemi olan MIM-23 Hawk komplekslərini əvəz etmişdir. Bütün bunlara əlavə olaraq, Patriot sisteminin əsas vəzifələrindən biri kimi anti-ballistik raket funksiyası da əlavə olunmuşdur. Bu HHM kompleksinin ən azı 2040-cı ilə qədər silahlanmada qalacağı gözlənilir.
“Patriot” kompleksi inkişaf etdirilmiş raket və yüksək göstəricilərə malik radar sistemi ilə təchiz olunub. Bu sistem ABŞ Ordusunun silahlanmasına daxil edildikdən sonra Niderland, Almaniya, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, Tayvan, Yunanıstan, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Rumıniyaya satılmışdır. 2006-cı ildə Şimali Koreyanın Yapon dənizi yaxınlığında ballistik raket sınağı və yeraltı nüvə testi həyata keçirməsindən sonra Cənubi Koreya da Almaniyadan ikinci əl "Patriot" sistemi satın almağa qərar vermişdi.
Polşa da ABŞ-yə məxsus bir divizion “Patriot” zenit-raket kompleksinə ev sahibliyi edir. Bu raket sistemləri ilk olaraq Polşanın Moronq şəhərində yerləşdirilsə də, sonradan Rusiya tərəfinin etirazları nəticəsində bu komplekslər Rusiya ilə sərhəddən daha uzaqda yerləşən Torun və Ustka şəhərlərinə köçürülmüşdür. 4 dekabr 2010-cu il tarixində NATO Suriya vətəndaş müharibəsinin baş verməsi səbəbilə Patriot raket sistemlərinin Türkiyə ərazisində yerləşdirildiyini açıqlayıb.
Patriot raket sistemi 1991-ci ildə baş vermiş Körfəz müharibəsi ərzində İraq tərəfindən atılan 40-a yaxın Skad ballistik raketini zərərsizləşdirməyi bacarmışdır. Sistem, həmçinin 2003-cü ildə İraq müharibəsi zamanı və 2015-ci ildə başlamış Yəmən vətəndaş müharibəsi zamanı aktiv şəkildə istifadə olunmuşdur. 2014-cü ildə İsrail tərəfindən başladılan Qoruyucu Sərhəd əməliyyatı ərzində İsrailə məxsus MIM-104D divizionu HƏMAS-a məxsus iki ədəd PUA-nı məhv edib.
23 sentyabr 2014-cü ildə İsrail hava məkanını pozan Suriya Hərbi Hava Qüvvələrinə məxsus Su-24 döyüş təyyarəsi İsrailə məxsus “Patriot” divizionu tərəfindən atəşlə məhv edilib.
Yuri Boçarov, israilli politoloq, siyasi elmlər namizədi Tərcümə edən: Səbinə Uğur
“Cebheinfo.az”