Cənubi Koreya Prezidenti NATO-nun sammitində iştirakdan imtina edib

Cənubi Koreya Prezidenti Li Çje Myun NATO-nun sammitində iştirakdan imtina edib.
AZƏRTAC "Yonhap" agentliyinə istinadla xəbər verir ki, o, buna səbəb olaraq daxili məsələləri və Yaxın Şərqdə vəziyyətin pisləşməsini göstərib.
Cənubi Koreya Prezidenti bu həftənin çərşənbə axşamı və çərşənbə günü Niderlandda keçiriləcək sammitdə iştirak etməyi düşünürdü. Amma sonradan onun ofisindən verilən açıqlamaya görə, dövlət başçısı son nəticədə ABŞ-ın İrandakı üç nüvə obyektinə endirdiyi zərbələrin ardından sammitdə iştirak etməmək qərarına gəlib.
Prezidentin sözçüsü Kanq Yu Cunq deyib:
“Prezidentin andiçmə mərasimindən sonra yaranmış bir çox aktual milli məsələlərə baxmayaraq, hökumət onun NATO sammitində iştirak imkanını fəal şəkildə nəzərdən keçirirdi. Amma dövlət başçısı müxtəlif daxili məsələləri və Yaxın Şərqdəki qeyri-sabit vəziyyəti hərtərəfli nəzərdən keçirdikdən sonra bu tədbirdə iştirak etməmək qərarına gəlib”.
“Kyodo” xəbər agentliyi bildirib ki, Yaponiyanın Baş naziri Şiqeru İşiba da NATO sammitində iştirak etmək niyyətində deyil.
"Cebheinfo.az"