Xalasının sevgilisi tərəfindən zorakılığa məruz qalan qızla bağlı SON XƏBƏR

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda yaşayan yeniyetmə qızın illərdir üzləşdiyi istismar iddiaları cəmiyyəti sarsıdıb.
Atası 7 yaşı olanda anasını itirən qıza sahib çıxmaqdan imtina edib. Anasının ölümündən sonra qıza xalası baxıb. Xalasının himayəsində böyüyən azyaşlı qız məktəbə getməyib, oxuyub yazmağı isə indi öyrənir.
O iddia edir ki, 7 ildən artıq müddətdə xalasının qeyri-rəsmi nikahda yaşadığı 49 yaşlı Tahir Sadıqov tərəfindən ona qarşı qeyri-etik hərəkətlər edilib. Azyaşlı qız iddia edir ki, bununla bağlı digər qohumlarına məlumat versə də, onun dediklərinə məhəl qoyan olmayıb.
49 yaşlı T. Sadıqov isə qızca başına gələnləri danışacağı tədqirdə çəkdiyi videoları yayacağı ilə hədələyib. Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanları hərəkətə keçib, faktla bağlı ərazi üzrə polis bölməsində cinayət işi açılıb. Gürcüstan vətəndaşı olan 49 yaşlı Tahir Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.
Məsələ ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, hazırda azyaşlı qız onların sığınacağında deyil:
“Qız hazırda bizimlə deyil. Biz sadəcə olaraq bu məlumatı polisə verdik. Onun bizimlə qalması üçün şərait yaratdıq, lakin özü bunu istəmədi. Bildirdi ki, hazırda qaldığı yerdə daha rahatdır. Biz də buna hörmətlə yanaşaraq məcbur etmədik”.
Qızı himayəyə götürən şəxs "Cebheinfo.az"-a açıqlamasında qeyd edib ki, azyaşlı hazırda onunla birlikdədir və psixoloji vəziyyəti yaxşı deyil:
“Hazırda mənim yanımdadır. Psixoloji cəhətdən vəziyyəti yaxşı deyil. Amma ümumilikdə ciddi bir problemi yoxdur. Hazırda sənədlərin düzəlməsini gözləyirik. İş polis tərəfindən araşdırılır. İnşallah, hər şey yaxşı olar.
Biz qonşu deyilik, belə deyim, sadəcə tanışıq”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”