Qalmaqallı ekskavator sürücüsü azadlığa buraxılıb

Qalmaqallı ekskavator sürücüsü azadlığa buraxılıb

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən ekskavator sürücüsü barəsində qərar verilib.

APA-nın əldə etdiyi məlumata görə, söküntü ilə bağlı saxlanılan Qala Eynullayev azadlığa buraxılıb.

Məlumata görə, bu, zərərçəkən tərəflə şirkət arasında razılaşma əldə olunandan sonra baş verib.

Xatırladaq ki, ötən ay Xətai Rayon Məhkəməsinin qərarına əsasən, “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, bu il martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində qanunsuz söküntü işləri aparılıb.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, söküntü işləri aparan ekskavator Eynullayev Qala Seymur oğlu saxlanılıb.

Qalib Məmmədov və Qala Eynullayev barəsində martın 29-da Xətai rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

Qalib Məmmədova Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

"Cebheinfo.az"