İsrail İrana qarşı kiberhücumlara da başladı

İsrail hava zərbələrindən sonra İrana qarşı kiberhücumlarına da başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” telekanalı məlumat yayıb.
Kibertəhlükəsizlik üzrə mütəxəssis Burak Bozkurtların sözlərinə görə, son bir neçə saatdır İsrail tərəfindən İrana kiberhücumlar həyata keçirilir:
“Hazırda “kiber müharibə” də yaşanır. İranın texniki infrastrukturuna ciddi hücumların həyata keçirildiyini görürük.
Kiberhücumların həyata keçirildiyi xəritələrdən də göründüyü kimi, intensiv hücum trafiki var. Hətta bu səbəbdən Türkiyənin də bəzi yerlərində internetə qoşulmaqla bağlı problemlər baş verir”.
Ekspert bu hücumların fərqli serverlər tərəfindən təşkil olunduğunu deyib:
“Bunun birbaşa İsraildən İrana yönəldiyi dəqiq görünmür. Lakin dünyanın bir çox yerindən fərqli serverlərdən istifadə etməklə İranın kritik infrastrukturuna və internet saytlarına hücumlar həyata keçirilir.
Əgər ruslar və çinlilər dəstək versə, “kiber müharibə”də balanslar dəyişə bilər. Çünki ruslar və çinlilər kibertəhlükəsizlik baxımından çox uğurludurlar”.
Elmir Mustafa
“Cebheinfo.az”