Netanyahu məəttəl qalıb

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında münasibətlər son həftələrdə iki liderin Qəzza və İranla bağlı məsələlərin həlli strategiyaları üzərində sərt fikir ayrılığına səbəb olub.
“Cebheinfo.az” xəbər verir ki, bunu “NBC News” iki Yaxın Şərq diplomatına və gərginlikdən xəbəri olan digər iki şəxsə istinadən xəbər verir.
"Netanyahu İranın nüvə obyektlərini həmişəlik məhv etmək fürsəti gördüyü yerdə Tramp razılaşma yolu ilə İranın nüvə silahı əldə etməsi təhlükəsini aradan qaldırmaq üçün fürsət görür. İsrail Qəzzaya yeni hərbi hücuma başlayarkən, Tramp atəşkəsdə israr edir və bölgəni "Yaxın Şərqin Rivierası"na çevirmək üçün müharibədən sonrakı planını həyata keçirməyə çalışır", -deyə məqalənin müəllifi yazır.
Yaxın Şərq diplomatları və Tramp administrasiyasının yüksək rütbəli rəsmisinə görə, Birləşmiş Ştatlar indi İsrail və HƏMAS-ı Qəzzada atəşkəs razılaşması əldə etməyə sövq edir:
“Lakin Trampın İrana yanaşması Netanyahu üçün ən böyük mübahisə nöqtəsi olduğunu sübut etdi”.
Mənbələr bildiriblər ki, İsrail lideri həftələrdir Trampın İranın nüvə obyektlərinə hərbi zərbələr endirməkdən imtina etməsi və bunun əvəzinə Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq məqsədi ilə razılığa gəlməyə çalışmaq qərarına görə məyus olub:
“Netanyahu keçən həftə Trampın Qırmızı dənizdə Amerika gəmilərini atəşə tutmağı dayandırmağa razılıq verdikdən sonra ABŞ-nin Yəməndəki husilərə qarşı hərbi kampaniyasına son qoyması barədə açıqlamasından məəttəl qalıb və qəzəblənib”.
İki Yaxın Şərq diplomatı bildirib ki, Netanyahu keçən ay Tramp vəzifəyə gəldikdən sonra ikinci dəfə Ağ Evə səfər edərkən, prezidentin İranın nüvə obyektlərinə qarşı mümkün İsrail əməliyyatı üçün ABŞ-yə havadan dəstək vəd edəcəyinə ümid etdiyini bildirib. Diplomatların dediyinə görə, Prezident Tramp Tehranla birbaşa danışıqlara razılaşacağını bəyan edəndə, İsrail lideri çıxılmaz durumda qalıb.
Yaxın Şərqdə çalışmış ekspert İlan Qoldenberq deyib ki, Trampın İranla diplomatiyası və ABŞ-nin husilərlə razılaşması Netanyahu üçün gözlənilməz olub:
“Amma İsrailin Baş nazirinin Vaşinqtonda və ya İsraildə hətta Netanyahunun tərəfdarları arasında populyar olan Trampla birbaşa üzləşmək üçün siyasi rıçaqları yoxdur”.
Xəzər
“Cebheinfo.az”