Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi yardım xidmətinin təşkili” adlı layihənin icrasına başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, 2025-ci il mayın 1-dən həyata keçirilən layihə çərçivəsində əsas məqsəd şəhid ailələrinin, müharibə iştirakçılarının və digər həssas əhali qruplarının keyfiyyətli hüquqi yardıma əlçatanlığını təmin etmək, onların qanuni hüquq və maraqlarını müdafiə etmək və pozulmuş hüquqların bərpasını təşviq etməkdir.

Layihə müddətində Bakı, Masallı, Cəlilabad, Neftçala, Şirvan və Ucar şəhərlərində vəkillərin iştirakı ilə hüquqi yardım qəbulları təşkil olunacaq. Qəbul zamanı hüquqi yardıma ehtiyacı olan vətəndaşlara:

• Müvafiq hüquqi məsləhətlər veriləcək,

• Qurumlara ünvanlanacaq ərizə və şikayətlər tərtib ediləcək,

• Zəruri hallarda məhkəmələrə təqdim ediləcək iddia ərizələri hazırlanacaq.

Qəbul günlərindən əlavə günlərdə də ehtiyacı olan vətəndaşlara yardım göstərilməsi nəzərdə tutulur. Eyni zamanda vətəndaşların yazılı, telefon və digər vasitələrlə edilən müraciətləri də cavablandırılacaq.

Layihə, hüquq sisteminə inamın artırılması, hüquqi maarifləndirmənin genişləndirilməsi və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli təşəbbüslərdəndir.

"Cebheinfo.az"