Avtobusla toqquşma: Şəxsin vəziyyəti məlum olub - YENİLƏNİB

Avtobusla toqquşma: Şəxsin vəziyyəti məlum olub - YENİLƏNİB

İyunun 12-i yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, dərhal yaralıya ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Xəstəyə sol əlin bayır kənarının genişhəcmli açıq yarası, üçüncü barmağın içəri və bayır səthində çoxsaylı açıq yaralanmaları, həmçinin dördüncü barmağın travmatik total amputasiyası diaqnozu qoyulub.

Xəstə əməliyyat olunub, bütün açıq yaraları cərrahi işlənib, dördüncü barmaq isə təkrar birləşdirilib. İlk 48 saat ərzində aparılacaq konservativ müalicədən sonra xəstənin növbəti müalicə taktikası dəqiqləşdiriləcək.

***

08:28

12.06.2025-ci il tarixində saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Memar Əcəmi metrostansiyası yaxınlığından yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.

APA xəbər verir ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Hadisə yerində 58 yaşlı (kişi cinsli) şəxsə zəruri tibbi xidmət göstərilib və travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

***
02:54

Metronun “Memar Əcəmi” stansiyası yaxınlığında 205 nömrəli avtobus ilə “Renault” markalı avtomobil toqquşub.

APA xəbər verir ki, avtomobil sürücüsünün vəziyyəti ağırdır.

Əraziyə dərhal polis və təcili yardım əməkdaşları cəlb olunub.

Hadisə səbəbi ilə yol bağlanıb. Maşınların hərəkətinə məhdudiyyət qoyulub.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"