Gömrükdə 308,30 karat brilyant qaş aşkarlanıb

Gömrükdə 308,30 karat brilyant qaş aşkarlanıb

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsi tərəfindən cari ilin əvvəlindən həyata keçirilən nəzarət tədbirlərinin nəticələri açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, idarənin əməkdaşı Orxan Sultanov hesabat dövründə ümumilikdə 1072 hüquqpozma faktının aşkarlandığını bildirib.

Hüquqpozmalardan 4-ü cinayət, 1068-i isə inzibati xəta xarakterli olub.

O.Sultanovun sözlərinə görə, cinayət xarakterli faktlardan 3-ü üzərində məcburi nişanlama aparılmalı olduğu halda nişanlanmamış siqaretlərin qanunsuz dövriyyəsi ilə bağlıdır.

Bundan başqa, 1 fakt üzrə gömrük orqanına bəyan edilməyən 308,30 karat brilyant qaş aşkar edilib.

Həmçinin 3 fakt üzrə məcburi nişanlanmalı olduğu halda nişanlanmamış 73 840 ədəd siqaret aşkarlanıb.

İdarə əməkdaşı qeyd edib ki, gömrük qaydalarının pozulması ilə bağlı təqsirkar fiziki şəxslərə ümumilikdə 97 169,30 manat məbləğində cərimə tətbiq olunub. Bunlardan 81 146,35 manatının ödənilməsi təmin edilib.

Bundan əlavə, 64 fakt üzrə toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

"Cebheinfo.az"