Vətəndaşlar müraciət etdi: Müddət uzadıldı
Çoxsaylı müraciətlər nəzərə alınaraq lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti 21 iyun saat 15:00-dək uzadılıb.
“Cebheinfo.az” xəbər verir ki, qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq öncə “Mərkəzi imtahanla qəbul” düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul ildə bir dəfə – tədris ili başlamazdan əvvəl “Şagirdlərin elektron yerdəyişməsi” (sy.edu.az) sistemi vasitəsilə qeydiyyatdan keçmiş və imtahanda iştirak hüququ qazanmış şagirdlər üçün təşkil olunur.
İmtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim edilir. Müvafiq bal toplayan şagirdlər seçim mərhələsinə buraxılır.
Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılır və sənəd qəbulu prosesi aparılır. Lisey seçimi 2 mərhələdə, ehtiyac olduqda isə 3 mərhələdə həyata keçirilir.
Mərkəzləşdirilmiş qaydada qəbul aparılacaq lisey və gimnaziyaların siyahısı açıqlanıb. Hər bir müəssisə haqqında ətraflı məlumatı “Şagirdlərin elektron yerdəyişməsi” portalında “Mərkəzi imtahanlı liseylər” bölməsindən əldə etmək olar.
Nigar
“Cebheinfo.az”

