Xəstəxanalarda KT problemi: “Təcili yardım şöbəsi olan müəssisələrdə bu cihaz olmalıdır”

Xəstəxanalarda KT problemi: “Təcili yardım şöbəsi olan müəssisələrdə bu cihaz olmalıdır”

Ağır travma hallarında KT problemi yenidən gündəmdə: “Vaxt itirmək olmaz” 

Məlum olduğu kimi, iki gün əvvəl tanınmış vəkil Fərhad Mehdiyevin 17 yaşlı qızı Zəhra Bakı–Sumqayıt yolunda motosikletlə ağır qəzaya düşərək həlak olub. 

Vəkil övladını ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırdıqlarını, lakin orada müayinə üçün KT (kompüter tomoqrafiyası) cihazının olmadığını bildirib. 

Problemlə bağlı TƏBİB-ə ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, 2008-ci il təvəllüdlü qadın 16.06.2026-cı il tarixində saat 17:00 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib. 

Xəstəyə qəbul olunduğu andan etibarən vəziyyətinin ağır olması nəzərə alınaraq təxirəsalınmaz tibbi yardımlar göstərilib. Qarın, bel və çanaq nahiyəsinin dəqiqləşdirilməmiş travması, kəllədaxili travmalar, boyun nahiyəsinin dəqiqləşdirilməmiş travması, dəqiqləşdirilməmiş pnevmotoraks, ön qol sümüklərinin digər hissələrinin sınığı, bud sümüyünün digər hissələrinin sınığı və bud nahiyəsinin açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri müayinə və müalicə tədbirləri həyata keçirilib. 

Həkimlərin apardığı intensiv müalicə və reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyati funksiyalarını bərpa etmək mümkün olmayıb və 16.06.2026-cı il tarixində saat 20:20 radələrində bioloji ölüm faktı qeydə alınıb. 

Qeyd olunub ki, xəstənin xəstəxanaya daxil olduğu andakı vəziyyəti son dərəcə ağır olub və həyati göstəriciləri qeyri-sabit idi. Bu səbəbdən xəstənin KT (kompüter tomoqrafiyası) müayinəsinə aparılması tibbi baxımdan mümkün olmayıb. 

Əlavə olaraq bildirilib ki, radioloji tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə TƏBİB tərəfindən müasir tibbi texnologiyaların tətbiqi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. 

Əsas prioritet bütün tibb müəssisələrinin radioloji avadanlıqlarla tam təmin olunması deyil, pasiyentlərin tibbi xidmətlərə əlçatanlığının artırılması və vahid radioloji xidmət sisteminin yaradılmasıdır. 

Ancaq TƏBİB-in cavabı heç də ictimaiyyəti maraqlandıran suala tam cavab olmayıb. Onminlərlə pasiyentə xidmət edən xəstəxanalarda KT (kompüter tomoqrafiyası) cihazının olmaması hansı təhlükələri yaradır? 

Həkim-terapevt Günay Lətifova “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, KT (kompüter tomoqrafiyası) cihazı olduqca vacib tibbi avadanlıqdır. O qeyd edib ki, xüsusilə təcili yardım şöbəsi olan xəstəxanalarda bu cihazın olması çox vacibdir: 

“Çünki travmatik hallarda xəstənin başqa xəstəxanaya köçürülməsi üçün vaxt olmaya bilər və zaman amili kritik rol oynayır. Həkimin düzgün diaqnoz qoyması və ya cərrahın vəziyyətə dəqiq müdaxilə etməsi üçün KT cihazının olması mütləqdir”. 

Həkim qeyd edir ki, kiçik klinikalarda bu cihazın olmaması müəyyən qədər başadüşüləndir:

“Lakin böyük və çoxprofilli xəstəxanalarda, xüsusilə təcili yardım şöbəsi olan tibb müəssisələrində KT cihazının olması zəruridir”. 

Aişə Abdulova 
“Cebheinfo.az”