Qiymət bahalaşıb: Nə alan var, nə satan
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda 10 milyon 693,31 min dollar dəyərində 404 ədəd elektromobil idxalı qeydə alınıb.
Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 milyon 717,99 min dollar (47,6 faiz azalma) və 205 ədəd (33,7 faiz azalma) azalma deməkdir. Həmin dövrdə ölkəyə 42 milyon 240,98 min dollarlıq 1942 ədəd hibrid avtomobil idxal olunub.
Bu da 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə müvafiq olaraq 74 milyon 811,63 min dollar (63,9 faiz azalma) və 4026 ədəd (67,5 faiz azalma) azdır. Həmçinin 5760 ədəd “plug-in” hibrid avtomobili idxal edilib ki, bu da illik müqayisədə 2608 ədəd və ya 31,2 faiz azalma deməkdir.
İdxal edilən “plug-in” hibrid avtomobillərinin statistik dəyəri isə 47 milyon 242,37 min dollar və ya 27,6 faiz azalaraq 123 milyon 664,36 min dollar təşkil edib. Ölkəyə avtomobil idxalının azalması qiymətlərə necə təsir edir?
Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, avtomobil idxalının azalması qiymətlərə təsir edir:

“Avtomobil idxalının kəskin azalmasına səbəb yanvarın 1-dən etibarən elektrik və hibrid mühərrikli minik avtomobillərinin idxalına və satışına tətbiq edilən ƏDV güzəştinin ləğv olunmasıdır. Bu dəyişiklik qiymətlərdə təxminən 18–20 faiz bahalaşma deməkdir.
Nəticədə bazarda avtomobil idxalı zəifləyib, sifarişlərdə azalma müşahidə olunur. Qiymət artımı alıcılıq qabiliyyətinə də birbaşa təsir göstərir və bir çox vətəndaşın avtomobil alımını təxirə salmasına səbəb olur.
Bu da ümumi tələbin aşağı düşməsi ilə nəticələnir. Gedişat belə davam edərsə, il boyu Azərbaycana avtomobil idxalında eniş tendensiyasının müşahidə olunacağı ehtimal edilir”.
Gülər Həsənli
“Cebheinfo.az”

