Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək?
Azərbaycan halal iqtisadiyyatının inkişafına töhfə verə və regional halal dəyər zəncirlərinin formalaşmasında mühüm rol oynaya bilər.
Bunu Kuala Lumpurda yerləşən İslam İnkişaf Bankı (IsDB) Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsibdə keçirilən Halal forumdakı çıxışında deyib. O qeyd edib ki, Azərbaycan halal iqtisadiyyatının inkişafı üçün mühüm imkanlara malikdir:
“Regional əlaqələrin gücləndirilməsi və yeni ticarət marşrutlarının təşviqi ölkəyə halal dəyər zəncirlərinin inkişafında əhəmiyyətli rol oynamaq imkanı verir”.
Elesawi bildirib ki, qlobal halal iqtisadiyyatının davamlı inkişafı üçün yalnız ticarətin genişlənməsi kifayət deyil, həm də güclü dəyər zəncirləri, ixtisaslaşmış institutlar, investisiya mexanizmləri və bilik mübadiləsi vacib əhəmiyyət daşıyır.
O, çıxışında qeyd edib ki, halal sektoru artıq sürətlə böyüyən qlobal iqtisadi ekosistemə çevrilib və dünya üzrə istehlakçıların tələbatı artmaqda davam edir. Elesavinin sözlərinə görə, bu inkişaf yeni ticarət və investisiya imkanları yaradır, eyni zamanda ölkələr arasında əməkdaşlığın gücləndirilməsini tələb edir.
Samer Elesavi vurğulayıb ki, halal iqtisadiyyatı yalnız ticarət və sertifikatlaşdırma məsələsi deyil, həm də ərzaq təhlükəsizliyi, dayanıqlı inkişaf, innovasiya və sosial rifahın təşviqi üçün mühüm vasitədir.
IsDB rəsmisinin fikrincə, halal sektorunun gələcək uğuru hökumətlərin, biznes qurumlarının və beynəlxalq təşkilatların birgə fəaliyyəti, eləcə də innovativ yanaşmaların tətbiqindən asılı olacaq. Qeyd edək ki, son illər ölkədə İslam bankçılığının tətbiqi ilə bağlı bir çox müzakirələr aparılmasına baxmayaraq, bu layihə hələ də reallaşmayıb.
İslam bankçılığının üstünlüklərini və əsas prinsipləri digər ənənəvi banklardan kəskin şəkildə fərqləndiyini nəzərə alaraq hazırda bir çox ölkələrdə bu banklar fəaliyyət göstərir.
Azərbaycana nə vaxt halal bankçılıq gələcək?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, 2001-2005-ci illərdə Mərkəzi Bankda çalışıb və orada işlədiyi müddətdə bu mövzularla maraqlanıb, tədqiqatlar aparıb:

“Azərbaycanda İslam bankçılığının olacağını deyirdilər. Ancaq indiyə kimi yoxdur. 2022-ci ildə Mərkəzi Bankın yeni rəhbəri Taleh Kazımov təyin olunanda bir qrup ekspertlərlə, o cümlədən mənimlə də ilk görüşünü keçirdi.
Mən həmin görüşdə də İslam bankçılığı ilə bağlı məsələni diqqətə çatdırdım və qeyd etdim ki, bu məsəslə hələ də öz həllini tapmayıb. O isə bidirmişdi ki, olacaq, işlər gedir. Artıq 25 ildir ki, İslam bankı ilə bağlı ilə heç bir nəticə yoxdur. Bu sahədə qanun qəbul etmək lazımdır”.
O qeyd edib ki, İslam bankçılığı bir sıra meyara görə lazımdır:
“İlk növbədə ona görə lazımdır ki, bu, ölkəyə investisiya gətirəcək. Müsəlman ölkələrindən, Ərəb Körfəzindən pul gətirəcək.
İkincisi, bu, ölkədə İslam dəyərlərinə söykənən insanların pullarını yastıq altından çıxaracaq. Onlar ənənəvi bankları halal saymadıqları üçün onlarla əməliyyat aparmaq, vəsait yerləşdirməkdən çəkinirlər.
Üçüncüsü, bu, ölkənin təhlükəsizlik məsələləri üçün də yaxşıdır. Yəni dini əqidəsinə sadiq insanlar bu banklardan yayınır, bundan da başqaları, məsələn, terrorçular, “çirkli pullar”ı yuyanlar sui-istifadə edə bilərlər.
Deyə bilərlər ki, gəlin, pulunu bizim hansısa şübhəli maliyyə qurumlarına qoy, bizdə halaldır. Ancaq o puldan başqa məqsədlə istifadə oluna bilər. Bu gün ölkədə İslam bankçılığı ona görə yoxdur ki, birincisi, onunla məşğul olmağa Azərbaycanda normal mütəxəssislər yoxdur. İkincisi, maraq yoxdur. Çünki ənənəvi banklar istəmir ki, rəqabət olsun. Buna görə ölkədə İslam bankçılığı yoxdur”.
Nigar Abdullayeva
“Cebheinfo.az”

