Rusiya-Ukrayna müharibəsinin 1 ili: Kim nə itirib, nə qazandı?

Rusiya-Ukrayna müharibəsinin 1 ili: Kim nə itirib, nə qazandı?

Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il ötür.

Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi təcavüzlə bağlı hələ öncədən müəyyən informasiyalar yayılırdı. Hətta müharibənin başlayacağı tarixə qədər Qərb mətbuatında onun tarixi ilə bağlı iddialar da vardı. Rusiya tərəfi isə yayılan informasiyaları bir qayda olaraq təkzib edir, deyilənlərin həqiqətəuyğun olmadığını bəyan edirdi.

Amma iddialar ötən ilin 24 fevralında öz təsdiqini tapdı və Rusiya-Ukrayna müharibəsi başladı. Müharibənin ilk günlərində Rusiyanın qısa zamanda, hətta 4 gün ərzində Ukraynanı bütövlükdə işğal edəcəyi ilə bağlı fikirlər səslənirdi. Nəticə isə gözləntilərdən tamamilə fərqli oldu. Artıq bir ildir davam edən Rusiya-Ukrayna müharibəsində tərəflər ciddi itkilərlə üzləşdi. Müharibənin davam etdiyini nəzərə alsaq, bu, itkilərin hələ davam edəcəyini deməyə əsas verir.

Artıq müharibədən bir il keçir. Bu müddət ərzində tərəflər nə itirdi, nə qazandı?

Siyasi şərhçi Oqtay Qasımov mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında deyib ki, hər iki tərəfin itirdikləri qazandıqlarından daha çoxdur:

“Rusiya təcavüzkar müharibə başladaraq Ukraynanı 4 gün ərzində tam nəzarətə götürmək və orada morianet bir hakimiyyət quraraq Rusiyanın oyuncaq bir dövləti halına gətirmək istəyirdi. Amma bu planları həyata keçmədi və Rusiya Ukraynada ciddi canlı qüvvə, hərbi texnika itkiləri ilə üzləşdi.

Eyni zamanda, Rusiya dünyadakı sayqınlığını itirdi, dünyadan təcrid olunmuş dövlətə çevrildi və iqtisadiyyatı ciddi sanksiyalara məruz qaldı. Bu sanksiyalar nəticəsində Rusiya ciddi maliyyə itkiləri ilə üzləşdi. Rusiyanın təxminən yarım tiryon dollara yaxın Avropa banklarındakı vəsaitləri donduruldu. Nəzərə tutulur ki, bu vəsaitin böyük bir hissəsi gələcəkdə Ukraynanın bərpasına yönəldilsin. Rusiya ordusu 150 minə qədər canlı qüvvə, dəyəri 100 milyardllarla ölçülən hərbi texnika itirdi. Bundan başqa, Rusiya dövləti öz nüfuzunu itirdi və Rusiya ordusu haqqında olan mif dağıldı. Məlum oldu ki, Rusiya ordusu İkinci Dünya müharibəsi təcrübəsi ilə savaş aparır. Yəni hətta üçüncü nəsilə yaxın bir savaş aparılır ki, bu da müasir hərb tarixinin çox gerisində qalır. Bu baxımdan Rusiyanın planları iflasa uğradı”.

Ekspert qeyd edib ki, bütün bunlarla yanaşı, Rusiyanın müəyyən qazancı da var:

“Söhbət Rusiyanın neoimperialist düşüncəsindən gedirsə, onlar hələlik Donbasın bir hissəsini əldə saxlayır. Krım Rusiyanın nəzarətindədir. Rusiya Donbasdan Krıma qədər olan əraziləri işğal erməklə Ukraynanı Azov dənizindən sıxışdırıb çıxartdı və Krımla quru əlaqəsi yaratdı. Bu da Rusiyanın aktivinə müsbət mənada yazıla bilər”.

O.Qasımov Ukraynanın da qazanc və itkilərini sadalayıb:

“Onlar bu savaşa hazırlıqsız və qeyri-bərabər şərtlərlə girdi. Buna baxmayaraq, Ukrayna bütün dünyanı təəccübləndirdi. Çünki Ukraynada savaş artıq xalqın müharibəsinə çevrildi və xalq Rusiya işğalına qarşı döyüşə başladı. Məhz bu məqam Rusiyanın planlarının böyük ölçüdə iflasa uğramasına səbəb oldu. Ukraynanın rusdilli əhalisi belə Putinin gözləntilərini puça çıxartdı. Çünki Rusiya düşünürdü ki, ordu Ukraynaya girəndə rusdilli əhali onları gül-çiçəklə qarşılayacaq. Nəticədə Rusiya ordusu heç bir çətinlik çəkmədən Kiyevə daxil olacaq. Amma bunun tamam əksini gördük. Məsələn, Mariopulun müdafiəsi hərb tarixinə düşəcək bir əfsanə şəklini aldı. Eyni zamanda, Nikoloyevin, Odessanın müdafiəsi onu göstərdi ki, rusdilli əhalinin üstünlük təşkil etdiyi vilayətlərdə belə Rusiya işğalına qarşı ümummilli müqavimət var”.

Ekspert bildirib ki, bu müddətdə Ukrayna ordusunu da yeniləməyə imkan tapdı:

“Ukrayna ordusu bütün dünyanı heyrətləndirəcək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək Rusiyanın qat-qat üstün ordusuna qarşı müqavimət təşkil edə bildi. Böyük ölçüdə itkilər olsa da, Ukraynanın dövlət kimi mövcudluğu qorundu. Bir neçə aylıq aktiv müdafiədən sonra iyun ayının sonlarından başlayaraq Ukrayna ordusu müəyyən istiqamətlərdə əks həmlələrə keçdi və mindən artıq yaşayış məntəqəsini Rusiya işğalından azad etdi. Xarkov vilayətinin əksər hissəsi işğaldan azad olundu, bir neçə vilayətlər rus qoşunlarından tamamilə təmizləndi. Xersonun azad olunması da Ukraynanın aktivinə müsbət mənada yazıla bilər. Ukraynanın qazanclarından biri də bütün dünyanın dəstəyini alması oldu. Ukraynanın Avropa Birliyi və NATO-ya üzvlük məsələləri kifayət qədər ciddi aktuallıq qazandı.

Bunun nəticəsində Ukrayna sürətli şəkildə Avropa Birliyinə müşahidəçi üzv kimi qəbul edildi. Bunlarla yanaşı, Rusiyanın hücumları nəticəsində Ukrayna əraziləri böyük dağıntılara məruz qalıb. Ukraynanın bir sıra böyük şəhərlərində ağır dağıntılar var. Onların bərpası uzun illər və böyük maliyyə tələb edir. İlkin hesablamalara görə, Ukraynadakı dağıntıların aradan qaldırılması üçün lazım olan vəsait 100 milyardlarla dolları keçir. Bəzi təşkilatlar bunun üçün 1 trilion dolların lazım olduğunu deyir”.

Oqtay Qasımov əlavə edib ki, bu müharibə ümumi olaraq ağır nəticələr verib:

“İkinci Dünya savaşından sonra Avropa qitəsində bu miqyasda müharibə olmamışdı. Təəssüf ki, Rusiyanın təcavüzkarlığı həm Avropa qitəsində böyük savaşa gətirib çıxardı, həm də dünyada böyük sarsıntılara səbəb oldu. Bu müharibə həm iqtisadi, həm siyasi problemlər yaratdı, həm də təhlükəsizliyik baxımından riskləri artırdı. Faktiki olaraq hər iki tərəfin ciddi itkiləri var. Amma Ukrayna bu savaşı qələbə ilə başa vura bilsə, 1654-cü ildən sonra ilk dəsə Rusiyadan tam şəkildə müstəqilliyini əldə edə biləcək. Bunun da yolu Ukrayna ordusunun toparlanaraq 1991-ci il sərhədlərinə çıxmasıdır. Krım və Donbasın işğal altında olan əraziləri azad edilsə, buna nail olmaq mümkündür. Amma görünən odur ki, hələ bu savaş davam edəcək və yaxın bir neçə ayda Rusiya-Ukrayna müharibəsinin bitəcəyi real görünmür”.

Vilayət Muxtar
Cebhe.info