İranda paketlər partladı: İrəvan çətin vəziyyətə düşdü

İranda paketlər partladı: İrəvan çətin vəziyyətə düşdü

“İran-İsrail münaqişəsi səbəbindən Ermənistanın təsərrüfat subyektləri yük daşımalarında problemlərlə üzləşib”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan parlamentdə belə deyib:

“Təəssüflər olsun ki, biz bu bir neçə gündə qarşıdurma şəraitində, əlbəttə, sahibkarlıq subyektlərimizdə artıq müəyyən problemlərin yarandığını bildirmək məcburiyyətindəyik. Hazırda Bəndərabbas limanında hələ də daşınmamış bəzi yüklər var. Yollarda qalan yüklər də var”.

Papoyan bu barədə parlamentin İqtisadi məsələlər daimi komissiyasının növbədənkənar iclasında bildirib. Onun sözlərinə görə, həm ixracatçılar, həm də idxalçılar üçün İrandan və ya digər ölkələrindən İran vasitəsilə mal idxal edənlər üçün problemlər yaranıb. “Hazırda çoxlu problemlər var.

Aydın məsələdir ki, bunlar hökumətimizin səlahiyyətlərindən kənarda qalan makro amillərdir... Ümid edirik ki, iki ölkə arasında münaqişə sülh yolu ilə həll olunacaq və biz dost İran ərazisindən azad ticarəti davam etdirə biləcəyik”,-deyə iqtisadiyyat naziri bildirib. Gevorq Papoyanın açıqlaması Ermənistanın ciddi problemlə üzləşdiyini göstərir. 

Çünki Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik siyasəti ilə əlaqədar Birinci Qarabağ müharibəsi dövründən hər iki ölkə ilə quru sərhədləri bağlı olan Ermənistan üçün İran Rusiyadan sonra ikinci əsas təhcizatçı tərəf biri olub. Rusiyanın Ermənistanla birbaşa sərhədinin olmadığını nəzərə alsaq, iqlim şəraiti ilə əlaqədar Yuxarı Lars keçid məntəqəsi bağlandıqda İran Ermənistanın yeganə “nəfəsliyi” rolunu oynayıb. 

İran rejimi işğal dövründə hətta Ermənistana yanaşı, qondarma rejimi də ərzaq, yanacaq, elektrik enerjisi, tikinti materialları ilə təmin edib. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra belə, rəsmi İrəvanın sülh sazişinin imzalanmasında və kommunikasiyaların açılmasında maraqlı olmaması Ermənistanın blokada qalmasına səbəb olub. Artıq İranda başlanmış müharibə ilə əlaqədar bu “nəfəslik” bağlanmaq üzrədir. 

Müharibənin  davam edəcəyinə dair məlumatları nəzərə alsaq, yaranmış vəziyyət Ermənistanı iqtisadi böhrana apara bilər. Çünki İranın yükdaşımalar üçün istifadə olunan infrastrukturu İsrail hərbi hava qüvvələri tərəfindən dağıdılıb. Ölkədə siyasi xaos təhlükəsi var. 

Bütün bunlar Ermənistan ciddi iqtisadi problemlərə gətirib çıxara bilər. Belə vəziyyətdə Ermənistan üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasından ibarətdir. 

Yəni, Nikol Paşinyan hökuməti 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndində götürülən öhdəliyə uyğun olaraq Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir. Bundan başqa, Azərbaycanla sülhə nail olmalı, Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. 

Qeyd edilən prosesin reallaşması isə Ermənistan Konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasından asılıdır. İranın parçalanması ehtimalını da nəzərə alsaq, Ermənistanın üçtərəfli blokdaya düşəcəyi istisna olunmur. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”