“Tehranı boşaldın” çağırışı: Xalq rejimi devirə bilər

“Tehranı boşaldın” çağırışı: Xalq rejimi devirə bilər

İsrail və İran arasında müharibənin şiddətlə davam etdiyi etməsi fonunda ABŞ Prezidenti Donald Trampın Tehran sakinlərinə çağırışı gündəm olub. 

“Tehrandakı hər kəs dərhal təxliyə edilməlidir”,-deyə ABŞ Prezidenti bildirib. “İran o müqaviləni imzalamalı, onlara imza atmalı idi. Nə qədər ayıbdır, bu qədər lazımsız ölümlər var. Sadə dillə desək, İran nüvə silahına malik ola bilməz. Mən bunu dəfələrlə demişəm! Hamı Tehranı təcili boşaltmalıdır!”,-deyə Tramp özünün “TruthSocial” sosial şəbəkəsində yazıb.

Tramp qeyd edilən müraciətin səbəbini açıqlamasa da onun tvitinin bir sıra siyasi mesajları özündə əks etdirdiyini görmək olar. Bu, ilk növbədə, İran hakimiyyətinə xəbərdarlıq məqsədi daşıyır. 

ABŞ Prezidenti İranın nüvə proqramından qeyd-şərtsiz imtina etməyəcəyi təqdirdə, hərbi əməliyyatların daha ağır və dağıdıcı şəkil alacağına işarə edir. Bu halda İranın  yalnız hərbi deyil, siyasi və mülki infrastrukturu tamamilə dağıdıla bilər.  Tramp bildirmək istəyir ki, İran danışıqlara hazır olduğunu bəyan etsə də, ABŞ-nin şərtlərini hələ qəbul etməyib. Bu müzakirələr isə İranın nüvə proqramının gələcək təyinatı ilə bağlı deyil, söhbət bütövlükdə ABŞ və MAQATE-nin müşahidəçilərinin nəzarətinə verilməsindən gedə bilər. 

Eyni zamanda, İran nüvə və raket proqramını inkişaf etdirməyəcəyinə dair siyasi öhdəlik götürməlidir. İran bu şərtlərə razılaşana qədər İsrail havadan zərbələri davam etdirəcək və paytaxt Tehranı dağıdıcı şəkildə bombalayacaq. Donald Trampın açıqlaması İsrailin hərbi əməliyyatları barədə ABŞ rəhbərliyinin öncədən məlumatlandırıldığını göstərir. 

Yəni, Prezident Tramp bir tərəfdən İsrail və İran arasında sülhün vaxtının çatdığını bildirsə də, digər tərəfdən Tehran şəhərini boşaltmağa çağırış etməklə böyük bombardman planından xəbərdar olduğunu vurğulayır. Bu da əməliyyatın onunla razılaşdırıldığını deməyə əsas verir. 

Təbii ki, Tehranın şiddətli bombardmana məruz qalması kütləvi qaçqın axınına və 10 milyona yaxın insanın paytaxtı tərk etməsinə səbəb olacaq. Kütləvi təşviş Tehranla yanaşı, digər şəhərlərdə də xaosa gətirib çıxara bilər. Əslində, Trampın çağırışı da məhz buna hesablanıb. 

İranda müdafiəsiz qalmış və təlaş içərisində yaşayış yerlərini tərk edən əhali siyasi hakimiyyətə qarşı etirazlara qalxa bilər. İranın güc strukturlarının, xüsusilə də İran rejiminin əsas qoruyucusu olan İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) elit heyətinin məhv edildiyini nəzərə alsaq, siyasi xaosun yaranması üçün daha əlverişli şərait formalaşır.

Nəticədə, İran rejiminə qarşı daxildən ikinci və güclü təzyiq mexanizmi işə salına bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”