Bakı şəhərində “Erkən Nikaha Qarşı Sosial Platforma” adlı təlim keçirildi - FOTOLAR

Bakı şəhərində “Erkən Nikaha Qarşı Sosial Platforma” adlı təlim keçirildi - FOTOLAR

İyun ayının 21-də Bakı şəhərində “Erkən Nikaha Qarşı Sosial Platforma” adlı maarifləndirici təlim keçirildi. Tədbirin əsas məqsədi erkən nikah probleminin ictimai müzakirəyə çıxarılması, bu sahədə atılması zəruri olan addımların vurğulanması və gənclər, valideynlər, eləcə də icma üzvlərinin məlumatlandırılması idi.

"Cebheinfo.az" xəbər verir ki, təlimin ilk günü çıxış edən təlimçi Şəlalə Ağayeva layihənin məqsədləri barədə danışaraq erkən nikahın yaratdığı sosial və psixoloji fəsadlara diqqət çəkdi. O bildirdi ki, bu problemin aradan qaldırılması üçün müxtəlif istiqamətlərdə kompleks tədbirlər həyata keçirilməlidir. O, xüsusilə aşağıdakı məqamları vurğuladı:

  • Maarifləndirmə işləri genişləndirilməlidir – Valideynlər, yeniyetmələr və icma üzvləri arasında məlumatlandırıcı görüşlər və seminarlar təşkil olunmalıdır.
  • Təhsil imkanları artırılmalıdır – Qızların təhsildə davamlılığını təmin etmək üçün təşviqedici mexanizmlər hazırlanmalı və dəstəklənməlidir.
  • Hüquqi nəzarət gücləndirilməlidir – Erkən və qanunsuz nikahların qarşısını almaq üçün hüquqi mexanizmlər sərtləşdirilməli və effektiv şəkildə tətbiq olunmalıdır.
  • Psixoloji və sosial dəstək sistemləri qurulmalıdır – Risk qrupuna daxil olan uşaqlar və ailələrlə sosial işçilər yaxından işləməlidirlər.
  • Müsbət rol modelləri tanıdılmalıdır – Təhsil alaraq müstəqil həyata qədəm qoymuş qadınların uğur hekayələri gənclərlə paylaşılaraq onlara motivasiya verilməlidir.

Təlimçi həmçinin real həyatda rastlaşdığı erkən nikah hadisələrindən konkret nümunələr təqdim edərək məsələyə daha praktik və emosional yanaşmanı iştirakçılarla bölüşdü.

Layihənin rəhbəri Könül Qasımova da çıxışında erkən nikah qurbanlarının reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası istiqamətində təşkilat olaraq apardıqları işlərdən danışdı. O qeyd etdi ki, sosial müəssisə rəhbəri kimi bu sahədə hər gün birbaşa təmasda olduğu insanlarla çalışaraq onların həyatlarını müsbət yöndə dəyişdirmək üçün ciddi səylər göstərirlər.

Könül xanım 14 yaşında erkən nikaha məcbur edilən bir gənc qızın hazırda “Sevgi Evi” adlı reabilitasiya mərkəzində qalaraq öz ayaqları üzərində durduğunu və cəmiyyətə uğurla uyğunlaşdığını qeyd etdi. O, çıxışında bildirdi:
“Belə təlimlərin ən təsirli tərəfi odur ki, mövzunu birbaşa yaşamış insanların dilindən eşidirsən. Bu, dinləyicilərə daha dərin təsir bağışlayır.”

Tədbirin sonunda iştirakçılar öz təəssüratlarını bölüşərək erkən nikahla mübarizədə bu cür maarifləndirici tədbirlərin davamlı olaraq həyata keçirilməsinin vacibliyini vurğuladılar.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.

"Cebheinfo.az"