Minimum əməkhaqqı ARTIRILDI

Minimum əməkhaqqı ARTIRILDI

Almaniyada hazırda saatlıq 12,82 avro olan minimum əməkhaqqının gələn ildən etibarən artırılaraq 2027-ci ilə qədər 14,60 avroya çatdırılması qərara alınıb.

"Cebheinfo.az" xəbər verir ki, Alman hökuməti tərəfindən işəgötürən və işçi nümayəndələrindən təşkil olunmuş Minimum Əməkhaqqı Komissiyasının sədri Kristiane Şönfeld Berlində jurnalistlərə bu barədə açıqlama verib.

Müvafiq qərara əsasən, komissiya hazırda 12,82 avro olan minimum əməkhaqqının gələn ildən etibarən saatlıq 13,90 avroya qaldırılmasını təklif edib.

Komissiya 2027-ci ilin yanvarından isə bu məbləğin 14,60 avroya yüksəldilməsini nəzərdə tutub. Şönfeld bu qərarın yekdilliklə qəbul edildiyini bildirib.

Minimum əməkhaqqı Almaniyada ilk dəfə 2015-ci ildə saatlıq 8,50 avro olaraq təyin edilmiş və o zamandan bəri bir neçə dəfə artırılmışdı.

Qeyd edək ki, əməkhaqqının artırılması üçün bu qərarın Federal Əmək Nazirliyi tərəfindən hüquqi tənzimləmə ilə tətbiq olunması tələb olunur.

Federal hökumətin komissiyanın təklifini dəyişdirmə səlahiyyəti yoxdur.

Xatırladaq ki, seçki kampaniyası zamanı Sosial Demokrat Partiyası (SPD və Yaşıllar) minimum əməkhaqqının 15 avro olmasını istəmiş, Xristian İttifaqı (CDU/CSU) partiyaları isə Minimum Maaş Komissiyasının muxtariyyətini müdafiə etmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"