Aİ uşaqlar üçün sosial media qaydalarını sərtləşdirir

Aİ uşaqlar üçün sosial media qaydalarını sərtləşdirir

Avropa Komissiyası uşaqların sosial mediadan istifadəsinin yaratdığı risklərlə bağlı ekspert hesabatı hazırlayıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, onlarla mütəxəssisin, o cümlədən psixoloqların iştirakı ilə hazırlanan hesabat bazar ertəsi açıqlanacaq.  Sənədin Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin uşaqların sosial media istifadəsinə ümumavropa yaş məhdudiyyətlərinin tətbiqi planında mühüm rol oynayacağı bildirilir.

Avropalı rəsmilərdən birinin sözlərinə görə, hesabat elmi əsaslar təqdim etməklə bu təşəbbüsə tərəddüdlə yanaşan hökumətləri də yaş məhdudiyyətlərinin zəruriliyinə inandırmağı hədəfləyir.

Lyayenin bu ilin sentyabrında sosial media platformalarında ümumavropa yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı konkret planı təqdim edəcəyi gözlənilir.

Yeni qaydalar müəyyən yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab yaratmasının qarşısını ala bilər.Artıq Fransa, İspaniya, Almaniya, Danimarka və Yunanıstan da daxil olmaqla bir sıra Aİ ölkələri uşaqların sosial mediadan istifadəsini məhdudlaşdıran qaydalar üzərində işləyir.

Avstraliya isə 16 yaşdan kiçik uşaqların əsas sosial media platformalarında qeydiyyatdan keçməsini qadağan edən ilk ölkə olub.

Aişə Abdulova
“Cebheinfo.az”