Etimadın zirvəsində dayanan LİDER

Etimadın zirvəsində dayanan LİDER

Medianın İnkişafı Agentliyi (MEDİA) 2026-cı ilin ilk yarısında Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirib.

Məlumata görə, sorğunun nəticələri dövlət başçısının siyasətinə yüksək ictimai dəstəyi ortaya qoyub.Rəyi soruşulanların 93,6 faizi Prezidentin fəaliyyətini müsbət dəyərləndirdiyini bildirib. Ümumilikdə, respondentlərin 87,7 faizi İlham Əliyevə etimad etdiyini qeyd edib.

Bu, hər 10 nəfərdən təxminən 9-nun dövlət başçısına inandığını göstərir. Sorğu iştirakçılarının seçki ilə bağlı mövqeyi də yüksək dəstəyi təsdiqləyir. Belə ki, əgər prezident seçkiləri növbəti bazar günü keçirilsəydi, respondentlərin 91,5 faizi öz səsini İlham Əliyevə verəcəyini bəyan edib.

Bundan əlavə, rəyi soruşulanların 81,9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider hesab edir.Tədqiqatçılar bu göstəricidə ötən dövrlərlə müqayisədə artım dinamikasının qeydə alındığını vurğulayır. 

Həmin nəticələrlə tanış olan ictimaiyyət nümayəndələri, ziyalılar sorğunun nəticələrinin ölkə başçısına olan etimadı tamamilə doğru əks etdirdiyini bilidirirlər.

Millət vəkili Jalə Əliyeva “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə və ölkədə həyata keçirilən dövlət siyasətinə vətəndaş münasibətinin öyrənilməsi məqsədilə keçirilmiş ictimai rəy sorğusunun nəticələri ölkədə formalaşmış ictimai-siyasi mühitin mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər: 

“Sorğunun nəticələrinə əsasən, respondentlərin 93,6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib.
Bu göstərici cəmiyyətdə dövlət başçısına olan yüksək etimadın və həyata keçirilən siyasətə geniş ictimai dəstəyin ifadəsi kimi təqdim olunur. İctimai rəy sorğuları müasir dövlət idarəçiliyində vətəndaş mövqeyinin öyrənilməsi baxımından mühüm alətlərdən biridir.

Belə araşdırmalar dövlət-vətəndaş münasibətlərinin vəziyyətini, həyata keçirilən islahatların cəmiyyət tərəfindən necə qəbul olunduğunu və mövcud sosial-siyasi dinamikanı müəyyən etməyə imkan verir. 

MEDİA-nın açıqladığı nəticələr də bu baxımdan geniş müzakirə mövzusu olub. Sorğuda əks olunan yüksək müsbət qiymətləndirmənin əsas səbəblərindən biri kimi son illərdə ölkədə aparılan sosial-iqtisadi islahatlar, iqtisadi sabitliyin qorunması, regionların inkişafı, infrastruktur layihələrinin davam etdirilməsi, rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi və vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar göstərilir.

Dövlət idarəçiliyində şəffaflığın artırılması, elektron xidmətlərin əlçatanlığının genişlənməsi və sosial proqramların icrası da ictimai rəydə öz əksini tapır. 

Bununla yanaşı, Azərbaycanın xarici siyasətdə qazandığı üstün  mövqelər, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsi, regional layihələrdə fəal iştirak və ölkənin geosiyasi əhəmiyyətinin artması da ictimai rəydə Prezident İlham Əliyevin fəaliyyətinə verilən qiymətə təsir edən amillər sırasında göstərilir.

Xüsusilə müasir beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər fonunda Azərbaycanın milli maraqlarını müdafiə etməsi və balanslaşdırılmış xarici siyasət kursunu davam etdirməsi ölkə daxilində də diqqətlə izlənilir”.

Onun sözlərinə görə, sorğunun nəticələri onu da göstərir ki, cəmiyyət dövlətin qarşıya qoyduğu strateji inkişaf hədəflərinə və uzunmüddətli planlarına inam nümayiş etdirir:

“İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, "Böyük Qayıdış" proqramının icrası, yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun yaradılması və iqtisadi fəallığın artırılması dövlət siyasətinin mühüm istiqamətləri kimi ictimai dəstək qazanır.

Son dövrlərdə rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi, dövlət xidmətlərinin modernləşdirilməsi və idarəetmədə innovativ yanaşmaların genişləndirilməsi istiqamətində atılan addımlar da cəmiyyət tərəfindən müsbət qarşılanır.

Bu istiqamətdə qəbul edilən qərarlar Azərbaycanın rəqabətqabiliyyətli dövlət modelinin formalaşdırılmasına xidmət edən mühüm mərhələ kimi qiymətləndirilir.

İctimai rəy sorğusunda 93,6 faizlik müsbət qiymətləndirmə göstəricisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə geniş ictimai dəstəyin mövcud olduğunu göstərən mühüm indikatordur.

Bu nəticə dövlətlə vətəndaş arasında qarşılıqlı etimadın qorunmasının, həyata keçirilən islahatların cəmiyyət tərəfindən dəstəklənməsinin və ölkənin inkişaf kursuna inamın ifadəsidir.

Mövcud geosiyasi çağırışlar, qlobal iqtisadi qeyri-müəyyənlik və regionda davam edən mürəkkəb proseslər fonunda ictimai sabitliyin və dövlət-vətəndaş həmrəyliyinin qorunması Azərbaycanın gələcək inkişafı üçün mühüm amillərdən biri hesab olunur.

MEDİA-nın ictimai rəy sorğusunun nəticələri də bu baxımdan ölkədə formalaşmış ictimai münasibətlərin və siyasi proseslərin təhlili üçün diqqətçəkən göstəricilərdən biridir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”