ABŞ-nin strateji neft ehtiyatı ən aşağı səviyyəyə düşüb

ABŞ-nin  strateji neft ehtiyatı ən aşağı səviyyəyə düşüb

"ABŞ-nin strateji neft ehtiyatları 319,5 milyon barelə qədər azalaraq son onillin ən aşağı səviyyəsinə düşüb”.

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, fevraldan bəri cəmi 5 ay ərzində ehtiyatlar 75 milyon barel və ya 18 % azalıb:

“Maraqlısı odur ki, bazara əlavə 40 milyon barel neft buraxılması müzakirə olunsa da, son olaraq cəmi 500 min barel satış həyata keçirilib. Sual yaranır, niyə?

Səbəb ondan ibarətdir ki, Vaşinqton ehtiyatların daha da azalmasının milli enerji təhlükəsizliyi üçün risk yaradacağını düşünür Digər tərəfdən, Texas və Luizianadakı strateji rezervlərin saxlandığı infrastrukturun uzun müddət yüksək həcmdə istismarı texniki məhdudiyyətlər də yaradıb. 

Xatırladaq ki, mart ayında Hörmüz boğazı ətrfında yaranan gərginlik fonunda Beynəlxalq Enerji Agentliyi qlobal bazara 400 milyon barel neft çıxarmaq qərarı vermişdi.

Bunun 172 milyon bareli ABŞ-nin payına düşürdü. İyun ayında əldə olunan müvəqqəti atəşkəs bazarlarda nikbinlik yaratsa da, iyulun əvvəlində vəziyyət yenidən gərginləşdi".

Ekspert qeyd edib ki, bir tərəfdən də Hörmüz boğazından keçən tankerlərin sayı cəmi 24 saat ərzində 50 % azalıb, yəni yarıbayarıya düşüb:

"ABŞ-nin koordinasiya etdiyi təhlükəsiz marşrutla boğazı keçən iri gəmilərin hərəkəti təhlükəsizlik səbəbindən tamamilə dayanıb. Atəşkəsin ilk 10 günündə Hörmüzdən neft axını normal dövrün 80 %-nə qədər bərpa olunmuşdusa, bu həftəki hücumlardan sonra bu göstərici dərhal 70 %-in altına düşüb.

ABŞ indiyədək strateji ehtiyatlardan bazara neft buraxmaqla qlobal təklifdə yaranan boşluğu müəyyən qədər kompensasiya edirdi. İndi bu prosesin yavaşıması bazarda fiziki neft təklifinin nə qədər həssas olduğunu daha aydın göstərir. Bu da o deməkdir ki, bazarda real fiziki neft qıtlığı riski var".

Gülər 
"Cebheinfo.az"