Deputat: “Qanunsuz ov nəticəsində təbii ehtiyatlar böyük zərbə alıb”

Deputat: “Qanunsuz ov nəticəsində təbii ehtiyatlar böyük zərbə alıb”

“Müzakirə etdiyimiz "Balıqçılıq haqqında" yeni qanun layihəsini dəstəkləyirəm və hesab edirəm ki, bu sənəd gecikmiş olsa da, lakin çox vacib bir addımdır. Çünki etiraf etməliyik ki, son onilliklər ərzində ölkəmizdə balıq ehtiyatlarının qorunması sahəsində ciddi problemlər yaşanıb”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

O bildirib ki, bəzi çaylarımızda, göllərimizdə və hətta Xəzər dənizində nəzarətsiz və qanunsuz ov nəticəsində təbii ehtiyatlar böyük zərbə alıb:

“Elə vəziyyət yaranıb ki, bəzən adama elə gəlir, sanki balıqlara qarşı soyqırım həyata keçirilib. Qanunsuz torlardan geniş istifadə olunub. Xırda gözlü torlarla hələ artıb çoxalmamış balıqlar belə məhv edilib. Elektrik cərəyanı ilə balıq ovlanması kimi vəhşi üsullara əl atılıb.

Kimyəvi maddələrdən istifadə halları da olub. Belə üsullar yalnız tutulan balığı deyil, bütün su ekosistemini məhv edir. Kürünü tökməyə hazırlaşan balıq da, yeni çıxmış körpə balıq da, su canlıları da eyni anda məhv olur. Təbiət isə bu itkiləri qısa müddətdə bərpa edə bilmir.

Balıqçılıq yalnız iqtisadi fəaliyyət deyil. Bu, həm də ərzaq təhlükəsizliyi, biomüxtəlifliyin qorunması və gələcək nəsillərə qarşı məsuliyyət məsələsidir. Əgər bu gün balıq ehtiyatlarını qoruya bilməsək, sabah nə peşəkar balıqçıların dolanışığı qalacaq, nə də təbii sərvətlərimiz.

Qanun layihəsinin üstün cəhətlərindən biri odur ki, burada balıq ehtiyatlarının bərpası, elmi əsaslarla idarə olunması, akvakulturanın inkişafı, ov qaydalarının dəqiqləşdirilməsi və dövlət nəzarətinin gücləndirilməsi nəzərdə tutulur. Bunlar müsbət yanaşmalardır. Amma təkcə yaxşı qanun qəbul etməklə iş bitmir. Əsas məsələ onun icrasıdır”.

Deputat qeyd edib ki, qanunsuz torlardan istifadə edənlər, elektrik cərəyanı ilə ov aparanlar, qadağan olunmuş dövrlərdə balıq tutanlar bilməlidirlər ki, cəza qaçılmaz olacaq:

“Nəzarət müasir texnologiyalarla gücləndirilməli, su hövzələri daha effektiv monitorinq olunmalı, ictimai nəzarət və maarifləndirmə də bu prosesin ayrılmaz hissəsinə çevrilməlidir.

Eyni zamanda balıq ehtiyatlarının süni artırılması proqramları genişləndirilməli, çaylara və göllərə buraxılan balıq körpələrinin sayı artırılmalı, su hövzələrinin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər görülməlidir.

Əgər biz bu qanunu ardıcıl və prinsipial şəkildə icra edə bilsək, təkcə balıq ehtiyatlarımızı bərpa etməyəcəyik. Biz həm də gələcək nəsillərə daha sağlam ekoloji mühit, daha zəngin təbii sərvətlər və dayanıqlı balıqçılıq təsərrüfatı miras qoyacağıq”.

Vilayət Muxtar
“Cebheinfo.az”