Quterreş: "Nifrət ritorikası cəmiyyətin quyusuna atılan zəhərdir"

Quterreş: "Nifrət ritorikası cəmiyyətin quyusuna atılan zəhərdir"

BMT-nin Baş katibi Antonio Quterreş iyunun 18-də qeyd edilən Nifrət Nitqinə Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə dünya ictimaiyyətə müraciətində bildirib ki, nifrət ritorikası bəşəriyyətə yeni bəlaların xəbərdarlıq əlaməti və zorakılığın başlıca amilidir.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Baş katib vurğulayıb:

“Bu ritorika ilə bağlı həyəcan təbili çalınır: ksenofobiya nə qədər güclü olarsa, soyqırımı təhlükəsi bir o qədər çox olar”.

BMT ksenofobiya, ayrı-seçkilik, irqçilik və bərabərsizliklə mübarizə üzrə əsas missiyasının bir hissəsi olaraq, nifrət ritorikasının yarandığı hər yerdə bu mənfi tendensiyaya etiraz etmək səylərini gücləndirir. A.Quterreş əlavə edib:

“Nifrət ritorikası cəmiyyətin quyusuna atılan zəhərdir. O, bəşər tarixinin ən qaranlıq fəsillərində zorakılıq və vəhşiliklərə yol açıb”.

Nifrət nitqi tez-tez zorakılığı və dözümsüzlüyü artırır, onun ən çox hədəfləri arasında etnik və dini azlıqlar yer alır. Qədim zamanlardan mövcud olan ksenofobiyanın dağıdıcı gücü bu gün müasir kommunikasiya texnologiyaları ilə daha da güclənir.

Onlayn nifrət ritorikası bütün dünyada sülh və təhlükəsizliyə artan təhdid yaradan, bölücü hekayələrin yayılmasının ən geniş yayılmış vasitələrindən birinə çevrilib.

Nifrət Nitqinə Qarşı Beynəlxalq Mübarizə Gününün builki mövzusu nifrət ritorikası və süni intellekt arasındakı əlaqəyə işıq salır. BMT qeyd edir ki, koalisiyaların yaradılması cəmiyyətlərin nifrətdən azad, əhatəli və təhlükəsiz məkanları bərpa etmək üçün istifadə edə biləcəyi əsas vasitədir.

Süni intellekt alətləri münaqişə və etibarsızlıq vəziyyətlərində müsbət fərqlər yaratmaq üçün saysız-hesabsız potensial imkanlar təqdim etsə də, qərəzli alqoritmlər və rəqəmsal platformalar da zəhərli məzmun yayır və təcavüz və sui-istifadə üçün yeni məkanlar yaradır. Bu böyük potensialı və riskləri dərk edərək, BMT-yə üzv dövlətlər onlayn nifrət nitqinə qarşı durmağı öhdələrinə götürüb.

“Gəlin süni intellektdən nifrət aləti kimi deyil, yaxşılıq üçün bir qüvvə kimi istifadə etməyi öhdəmizə götürək”, - deyə A.Quterreş vurğulayıb.

Nifrət Nitqinə Qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində BMT “NoToHate” kampaniyasının bir hissəsi olan nifrət nitqinə qarşı yönəlmiş videoçarxlar hazırlayıb. Bu çarxların birində “Essex” İnsan Haqları Mərkəzinin direktor müavini Əhməd Şahid islamofobiya ilə mübarizə haqqında danışıb.

O qeyd edib ki, bəzi ölkələrdə müsəlmanlara qarşı nifrət ritorikasının artması narahatlıq hissi doğurur və bütün dinlərə mənsub olan insanlar bu cür hallarla mübarizədə səyləri birləşdirməlidirlər.

“Bu gün dünyada getdikcə artan müharibə və silahlı münaqişələr fonunda dini zəmində ayrı-seçkilik və ksenofobiya ilə mübarizə həmişəkindən daha aktualdır”, - deyə o əlavə edib.

"Cebheinfo.az"