Azərbaycan-Ermənistan sülhü təhdid altındadır?

Azərbaycan-Ermənistan sülhü təhdid altındadır?

Ermənistanda parlament seçkilərinin rəsmi yekun nəticələri hələ açıqlanmasa da, eləcə də “Çiçəklənən Ermənistan” partiyasının parlamentə düşüb-düşməyəcəyi məlum olmassa da, bir fakt aydındır:

“Mümkün dəyişikliklərdən asılı olmayaraq, “Vətəndaş Müqaviləsi” partiyası Konstitusiya çoxluğuna malik deyil və olmayacaq.

Məhz Ermənistanın müxalif "Hraparak" qəzeti belə yazıb.

Nəşr qeyd edir ki, bu səbəbdən hakim partiya konstitusiyaya dəyişiklik etmək və referendum keçirməklə bağlı Bakının tələblərini yerinə yetirə bilməyəcək:

“Bu fakt Azərbaycanda narahatlıq doğrurub. İndi konstitusiya dəyişiklikləri olmadan Paşinyan nə sülh müqaviləsi imzalaya, nə də Bakı ilə diplomatik münasibətlər qura biləcək və yalnız ticarət, nəqliyyat sahələrində müəyyən addımlar ata biləcək”, - deyə "Hraparak" nəşri "təhlilçilərə istinadla" belə yazır.

Qeyd edək ki, əgər Paşinyan son seçkilərdə istədiyi nəticəni əldə bilməsə, çox kritik vəziyyətlə üzləşəcək.

Belə olan halda o, konstitusiya dəyişiklikləri üçün nə referendum keçirə, nə də Azərbaycanla sülh müqaviləsi imzalaya biləcək.

Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur:

“Azərbaycan Ermənistanın qarşısına bir sıra tələblər irəli sürüb. Bu tələblərdən ən əsası Ermənistanın Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların çıxarılmasıdır.

Təbii ki, bunun üçün referendumun keçirilməsi lazımdır. Referenduma gedib-getməmək məsələsinə gəlincə, qeyd edim ki, bu, İrəvanın qərarından asılıdır. Amma Azərbaycanın tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə Ermənistan çox ağır vəziyyətə düçar olacaq.

Rusiya ilə münasibətlər gərgindir, digər tərəfdən Azərbaycan da öz sərt mövqeyini ortaya qoyacaqsa, ölkə daxilində çox ciddi siyasi və iqtisadi problemlər yaranacaq. 

Belə bir vəziyyətdən yalnız bir çıxış yolu var, bu da Azərbaycanın tələblərini yerinə yetirməkdir. Paşinyan öz dövlətinin və xalqının maraqlarını düşünürsə, Azərbaycanın tələblərini yerinə yetirməlidir.

Öz xalqına başa salmalıdır ki, başqa çıxış yolu yoxdur. Bir yol da var ki, Ermənistanda kimlərsə, revanşist qüvvələrə - Karapetyanın və Köçəryanın partiyasına səs veriblərsə, onlar öz səslərini geri götürsünlər və ya Ermənistanda yenidən seçkilər keçirilsin.

Paşinyan öz xalqının qarşısına şərt qoymalıdır ki, ya Azərbaycanla sülhə getməliyik, ya da məhv olmalıyıq. Məsələnin mahiyyəti məhz budur. Qoy, erməni toplumu özü qərar versin”.

Yunis Abdullayev 
“Cebheinfo.az”