Paşinyan bu şəxslərlə yollarını ayıracaq
Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra yeni hökumətdə hər hansı ciddi kadr dəyişikliyinin gözlənilmədiyini deyib.
Onun sözlərinə görə, hökumətdə yüksək vəzifəli şəxslərin əksəriyyətinin istefası baş verməyəcək. Lakin hələ seçkilərdən əvvəl Paşinyanın bir sıra hakimiyyət nümayəndələri ilə yollarını ayırmaq istədiyi barədə məlumatlar yayılmışdı. Yəni seçkilərdən sonra bəzi komanda üzvlərinin ya postlarından uzaqlaşdırılacağı, ya da başqa vəzifələrə keçəcəyi gözlənilir.
Əsas vəzifələrini itirəcək şəxslərdən biri parlamentin sədri Alen Simonyandır. Paşinyan ondan narazı olduğu üçün bu dəfə spiker postuna müdafiə naziri Suren Papikyanın, ya da səhiyyə naziri Anahit Minasyanın namizədliyi irəli sürülə bilər.
Qeyd edək ki, Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan da Alen Simonyanın yerinə iddialıdır. Simonyanın özünə isə hökumətdə başqa vəzifə təklif ediləcəyi gözlənilir.
“Vətəndaş Müqaviləsi” Partiyasının proporsional seçki siyahısında ikinci yeri Ararat Mirzoyan tutsa da, o, xarici işlər naziri kimi işlərini davam etdirəcək.
Baş nazirin müavini Mher Qriqoryan çox güman ki, yeni komandada yer almayacaq. Paşinyanın ən çox etimad göstərdiyi fiqurlardan biri olan iqtisadiyyat naziri Gevorq Papoyan da əvvəlki fəaliyyətini davam etdirəcək. Papoyan hakim partiya daxilində də böyük təsirə malik şəxs sayılır. Buna baxmayaraq, onun baş nazirin müavini postuna gətirilməsi mümkündür.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da vəzifəsindən ayrılacağı ehtimalı çox yüksəkdir. O, partiyadaxili səsvermədə ən az dəstək qazanmış namizədlərdən biri olub. Suren Papikyan spiker seçilsə, Armen Qriqoryana müdafiə naziri vəzifəsi də həvalə edilə bilər.
Təhlükəsizlik Şurasının katibi postuna isə ən real namizədlərdən biri Alen Simonyan sayılır. Ədliyyə naziri Srbuhi Qalyan öz vəzifəsində qalacaq. Paşinyan Ermənistanda konstitusiya islahatını ona həvalə edib. Qalyan bu prosesi davam etdirəcək.
Müşfiq Abdulla
“Cebheinfo.az”

