Bank kartlarından oğurluq davam edir

Bank kartlarından oğurluq davam edir

İyunun 4-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub.

Oğurlanmış məbləğlər arasında 7 min, 881, 464, 354, 300, 170, 100, 100, 70, 70 və 68 manat kimi rəqəmlər qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlik vətəndaşlara müraciət edərək onları bank kartları ilə bağlı dələduzluq hallarına qarşı diqqətli və ehtiyatlı olmağa çağırır və vətəndaşlara xatırladır: “Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və birdəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz. DİN vətəndaşları bir daha xəbərdar edir ki, naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun, SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın, heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın”.

Məlumatda, həmçinin bildirilir ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.

"Cebheinfo.az"